Dini Ekspertlər Şurası yaradılıb

Səs: Real audio
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev: «Azərbaycanda dini maarifləndirmə məzhəbçilik zəminində aparılır» «Azərbaycanda dini maarifləndirmə prosesi pərakəndə şəkildə, məzhəbçilik zəminində aparılır». Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİÜDK) sədri Rafiq Əliyev oktyabrın 13-də keçirdiyi mətbuat konfransında dedi. O, bildirir ki, komitənin nəzdində Dini Ekspertlər Şurası (DEŞ) yaradılıb: «Şuranın əsas vəzifəsi ölkədə dini maarifləndirmə prosesini sistemləşdirməkdir.



Cənab Əliyev deyir ki, DEŞ mətbuatın və dini ədəbiyyatın monitorinqini apararaq, dini maarifləndirmə ilə bağlı tövsiyələr verəcək. Dini qurumların sosial problemlərin həllinə cəlb olunması, dinlər, dini konfessiyalar və müxtəlif məzhəb ardıcılları arasında münasibətlərin formalaşdırılması kimi məsələlər də şuranın fəaliyyət sahəsinə daxildir.



DQİÜDK-nin sədri deyir ki, DEŞ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi Dini Şurası və ya Qazilər Şurası ilə heç bir paralellik təşkil etmir. «Qafqaz Müsəlmanları İdarəsinin Elmi Dini Şurasında fəaliyyət göstərənlər dini şəriət baxımından öyrədir və müxtəlif qərarlar qəbul edirlər. Ancaq onların Dini Ekspertlər Şurasının qarşıya qoyduğu vəzifələrlə bağlı proqramları yoxdur» - deyə, cənab Əliyev vurğulayır.



DEŞ-in ilkin tərkibi 15 nəfərdən ibarətdir. Onun sədri fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanovadır.