ABŞ rəsmisi: «Hökumətin bu həftə atdığı bəzi addımlardan narahatıq»<p align=`left`><br><br>

Səs: Real audio
Dövlət Katibinin köməkçisi Deniel Frid: «Bəzi deputatlığa namizədlər daxil olmaqla kütləvi saxlamalar, medianın hadisələri işıqlandırmasına qoyulan məhdudiyyətlər, az qala bütün şəhərdə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi hökumətin azad və ədalətli seçki kampaniyası öhdəliyinə şübhə salır» «Biz seçici siyahılarının qeyri-dəqiqliyi, seçici vəsiqələrinin paylanmasıyla bağlı problemlər, seçki saxtakarlığının qarşısını almaq üçün kifayət qədər iş görülməməsiylə bağlı namizədlərin dediklərini diqqətlə izləyirik, yerli rəsmilərin inzibati resurslardan bəzi namizədlərin xeyrinə istifadə olunması barədə məlumatlar alırıq. Son bir ayda sərbəst toplaşma azadlığıyla bağlı geriyə atılmış addımlar da bizi narahat edir».



Bunu Bakıda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Deniel Frid oktyabrın 20-də Bakı Dövlət Universitetində tələbələrlə görüşündə dedi: «Biz həmçinin hökumətin bu həftə atdığı bəzi addımlardan narahatıq. Deputatlığa bəzi namizədlər daxil olmaqla kütləvi saxlamalar, medianın hadisələri işıqlandırmasına qoyulan məhdudiyyətlər, az qala bütün şəhərdə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi hökumətin azad və ədalətli seçki kampaniyası öhdəliyinə şübhə salır. Bundan başqa dünən təhlükəsizlik qüvvələri İqtisadi İnkişaf Nazirliyinin, keçmiş nazir Fərhad Əliyevin ofisini qıfıllayıb. Şəraitin nə qədər mürəkkəb olmasından asılı olmayaraq hökumət azad və ədalətli seçki keçirmək öhdəliyini nümayiş etdirməlidir».



Cənab Frid onu da bildirdi ki, Ukraynadan Qırğızıstana kimi böyük bir məkanda islahatlar həyata keçirilir. «Amerika islahatlar tərəfdarıdır, azad və ədalətli seçkilər Azərbaycanın Birləşmiş Ştatlar və Avroatlantika ölkələri ilə münasibətlərində yeni mərhələ açıla bilər» -deyə, o söylədi.



ABŞ rəsmisi deyir ki, Azərbaycan tam demokratik ölkə olmalıdır: «Belə bir ölkədə isə dövlət cəmiyyətə xidmət edir, bir elitanın xeyrinə yox».



D. Frid prezident İlham Əliyevin seçkiylə bağlı imzaladığı 11 may tarixli sərəncamına da toxunaraq bildirdi ki, bu sənəddən sonra 2000-dən çox namizəd qeydiyyatdan keçib, onlardan çoxu pulsuz efir vaxtından istifadə edir. Ancaq cənab Frid seçkiyə qalan 17 günün də seçki günü qədər əhəmiyyətli olduğunu, hökumətin seçkinin ədalətliliyini təmin etmək öhdəliyi olduğunu bildirdi. O, Birləşmiş Ştatların və beynəlxalq ictimaiyyətin seçkinin azad və ədalətli keçməsi üçün əlindən gələni etdiyini dedi, ancaq eyni zamanda azərbaycanlıları seçkidə aktiv olmağa çağırdı.



Onun bildirdiyinə görə, ABŞ Dövlət Departamenti seçkiyə ATƏT müşahidəçilərinin bəyanatına əsasən qiymət verəcək.



ABŞ Dövlət Katibinin köməkçisi həmin gün mətbuat konfransı da keçirdi. O, prezident İlham Əliyevlə çox konstruktiv görüşü olduğunu dedi.



Deniel Frid müxalifətin seçki prosesindən şikayətlərini prezidentə çatdırdığını və onu öz gücündən istifadə etməyə çağırdığını deyir.



Son kadr dəyişikliklərilə bağlı cənab Frid bildirdi ki, onlar da bu prosesi izləyirlər, amma hələ konkret bir şey deyə bilməzlər. Bu dəyişikliklərin islahatlara necə təsir edəcəyini gözləyirlər.



Deniel Frid 2005-ci il aprelin 29-da ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi təyin olunub. 2001-ci ildən 2005-ci iləcən isə o, Amerika prezidentinin Avrasiya məsələləri üzrə köməkçisi işləyib.