Parlamentin səlahiyyətinə əlavələr edildi

Səs: Real audio
Sabiq millət vəkili Əliməmməd Nuriyev isə deyir ki, bu əlavələrin qəbulu faktik olaraq texniki prosedurun hayata keçirilməsidir «Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinə əlavələr edilməsi haqqında» Konstitusiya qanunu ilə Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi, Dövlət Qulluğunu İdarəetmə Şurasının, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Məhkəmə Hüquq Şurası üzvlərinin bir qisminin seçilməsi və İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi Milli Məclisin (MM) səlahiyyətinə aid edilir.



Dekabrın 13-də MM-in keçirilən iclasında bu qanun ikinci səsvermədə səsə qoyularaq qəbul edildi.



Sabiq millət vəkili Əliməmməd Nuriyev isə deyir ki, bu əlavələrin qəbulu faktik olaraq texniki prosedurun hayata keçirilməsidir. Çünki bu məsələlər artıq müxtəlif qanunlarda öz əksini tapıb: «Əlavələrin edilməsi mövcud vəziyyətin Konstitusiyaya uyğunlaşdırılmasıdır».



Konstitusiyaya əlavələr Milli Məclisdə 95 səs çoxluğu ilə və Konstitusiya qanunları şəklində qəbul edilir.



Konstitusiya qanunları MM-də iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən altı ay sonra həyata keçirilir. Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra imzalanmaq üçün prezidentə göndərilir. Həmin qanunlar ikinci səsvermədən sonra prezident tərəfindən imzalandıqda qüvvəyə minir.



Bu qanunlar Konstitusiyanın əsas mətninə zidd olmamalıdır.



MM-in iclasında həmçinin daimi komissiyaların tərkibi, parlamentlərarası əlaqələr üzrə işsi qruplarının üzvləri müəyyənləşdirildi.