Zülfüqarlı qardaşları haqda həbs qərarı qüvvədə saxlandı

Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Dekabrın 19-da Apellyasiya Məhkəməsi «Bakıelektroştamp» Səhmdar Cəmiyyətinin (SC) təsisçiləri Loğman və Nurəddin Zülfüqarlı qardaşları haqda Nərimanov Rayon Məhkəməsinin çıxardğı həbs - qətimkan qərarını qüvvədə saxlayıb. Qardaşların vəkili Aslan İsmayılovun sözlərinə görə, hakim qərarı çıxararkən əlavə sübutların olmamasını nəzərə almayıb.



Vəkil həftəiçində həm məhkəmənin ədalətsiz qərar verməsi, həm də Zülfüqarlı qardaşlarının qanunazidd olaraq həbsxanada deyil, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanması ilə bağlı xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirir.



Dekabrın 9-da Nurəddin və Loğman Zülfüqarlılar Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamıyla həbs edilib. Həmin gün həmçinin qardaşlardan üçüncüsü və «Bakıelektroştamp»ın baş direktoruyla mühasibi də polisə müqavimət ittihamı ilə 10 sutka müddətinə həbs olunub. Ancaq məhkəmənin qərarı dekabrın 10-da verildiyindən bu şəxslər dekabrın 20-də azadlığa buraxılacaqlar.



Ötən həftənin bazar ertəsi Zülfüqarlı qardaşlarının sahibkarı olduğu «Bakıelektroştamp» SC-nin iki zavodunda fəhlələr etiraz aksiyası keçirib və hüquq-mühafizə orqanlarının axtarışlarıyla bağlı istehsal dayandırılıb. Cəmiyyətin icraçı direktoru Adilxan Musayev Apellyasiya Məhkəməsinin qərarıyla bağlı yenidən aksiya keçirib-keçirməyəcəkləri haqda məlumata malik olmadığını, zavodlardakı iş prosesinin isə hələ də bərpa olunmadığını deyir.