Bakıda bayram ovqatı yoxdur...

Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda Yeni il tədbirlərinin keçirilməsi ilə bağlı planı hələ təsdiq etməyib. Meriyanın Mətbuat Xidmətindən bildirirlər ki, hələ bu haqda qərar yoxdur. Əvvəllər belə bir plan hər il dekabrın 15-də təsdiq olunurdu. Şəhərin baş yolkası qurulurdu, sovet dövrünün Şaxta Babaları, son bir neçə ildə isə Santa-Klauslar şəhərdə dolaşıb camaatın bayramını təbrik edirdilər. İndi isə yolkalar və Şaxta Babalar gözə dəymir. Bu işi həyata keçirməli olan BŞİH-in Ticarət və Xidmət Departamentinin əməkdaşı Əlabbas Bağırov deyir ki, yolka da qurulacaq, Şaxta Baba, Santa-Klaus da olacaq: «Hələ konkret bir plan yoxdur. Demirəm ki, bu dekabrın 26-27-si olacaq, bəlkə də 31-i olacaq. Həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Yəqin ki, tədbirlər olacaq».



Əlabbas Bağırov onu da deyir ki, planın təsdiqindən sonra şəhərin baş yolkası Milli Parkda qurulacaq.



İndilik isə Bakıda Yeni il əhval-ruhiyyəsi yalnız mağazaların şüşələrinə vurulmuş təbrik mətnlərində və satış yerlərində hiss olunur.



Satıcılar əvvəlki illə müqayisədə qiymətlərin baha olmadığını deyirlər. 2006-cı il it ili olduğundan mağazalarda ən çox satılan itlərə aid oyuncaqlardır.



Alıcıların fikrincə isə, bəzi qiymətlər bahadır, bəziləri isə o qədər də yox.



Yeni illə bağlı keçirilən tədbirlərə gəldikdə isə, dekabrın 31-də ayrı-ayrı mədəniyyət evlərində şənliklər olacaq, Opera və Balet Teatrı balaca seyrçilər üçün «Şelkunçik» tamaşasını göstərəcək. Teatrlardan verilən məlumata görə, Yeni il şənlikləri gələn il yanvarın 1-dən başlayacaq.



Şəhərdə bayram ovqatının olmamasından küçədə akardion çalmaqla pul qazanan Andrey Andreyiç də narahatdır. Ancaq heç olmasa o, Bakının mərkəzi küçəsinin birində Yeni ilə aid mahnı çalıb yoldan keçənləri ayaq saxlamağa məcbur edə bilir...