Jurnalistin ağzını tikməsi xəbərinin izi ilə...

Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Azərbaycan Mətbuat Şurası Gürcüstan prezidentinə məktubunda Tbilisidə çıxan "Yeni düşüncə" qəzetinin əməkdaşı Qacar Hüseynovun həbsxanada vəziyyətinin ağırlaşmasından narahatlığını bildirir.



Bundan qabaq isə "APA" agentliyi və "www.day.az" saytı Qacar Hüseynovun məhbəsdə ağzını tikməklə aclıq aksiyası keçirnəsi xəbərini yaymışdı.



"Yeni düşüncə" qəzetinin baş redaktoru Niyazi Hüseynov qardaşı Qacarın dekabrın 9-da həbsxananın hospitalında ağzını tikməklə aclığa başladığını deyir. Amma sonradan bu tikişi məcburi sökdüklərini əlavə edir.



Bu, Qacar Hüseynovun ağzını tikməsi haqqında yayılan ilk məlumat deyil. Sentyabrda da Azərbaycanın iri qəzetləri belə bir məlumat yaymışdılar.



Qacar Hüseynov bu ilin mayında Gürcüstan məhkəməsinin qərarı ilə dələduzluqda təqsirkar bilinərək 5 il həbsə məhkum edilib. Hazırda məsələyə Gürcüstanın Apellyasiya Məhkəməsi baxır.



Hüseynov qardaşları hakimiyyət orqanları, o cümlədən Gürcüstan Dövlət Kəşfiyyat Departmentinin onları təqib etməsi haqda iddialar irəli sürürlər.



Gürcüstanın Ədliyyə Nazirliyinin sözçüsü İrakli Maissuradze bu məlumatı təkzib edir. O, Qacarın xəstə olduğu üçün hospitala köçürüldüyünü deyir və ağzının tikilməsi xəbərinin düz olmadığını bildirir.



Niyazi Hüseynov 90-cı illərin sonlarında Türkiyənin "Anadolu" agentliyinin Gürcüstandakı müxbiri olub. Onun da adı Azərbaycan mediasında dəfələrlə həyəcan notlu materialların mərkəzində durub. Bunlardan ən kəskini 2004-cü il aprelin 22-də "Zerkalo" qəzetində çıxmışdı. Qəzet Gürcüstandakı bir qrup azərbaycanlı ziyalı adından imzalanmış müraciəti yayaraq Niyazi Hüseynovun simasında ziyalılara qarşı təqiblərə son qoymağa çağırırdı.



Bu müraciətdə həmçinin prezident İlham Əliyevdən xahiş olunurdu ki, yeni Gürcüstan rəhbərliyinin "yeritdiyi soyqırımının qarşısını almaq üçün" əlindən gələni etsin. Hərçənd, bu müraciətdə kiminsə öldürülməsindən söz getmirdi.



Azərbaycan auditoriyasının Gürcüstanda azərbaycanlıların sıxışdırılması haqda sensasiyalı məlumatlar eşitməsi adi bir şeydir.



Qeyri-adi olan odur ki, həmin iddialar barədə siyasətçilər və fəallar sadəcə bəyanatlar verirlər. Amma iddgaların birgə araşdırılması hallarına rast gəlmirik.



Səbəb nədir? Niyə bəyanatlar verməyə həvəs var, ancaq məsələni araşdırmağa yox?



Söhbətdə iştirak edirlər:



- Bakıdan dövlətlərarası münasibətlər üzrə ixtisaslaşan politoloq Rövşən Novruzoğlu;



- Tbilisidən "Çoxmillətli Gürcüstan" qeyri-hökumət təşkilatının sədr müavini, insan haqları eksperti Zaur Xəlilov.



Daha ətraflı Audio hissədə