Gənclər «Təhsildə rüşvətsiz bir il» kampaniyasına başlayır

Səs: Real audio
Təhsil Nazirliyi isə rüşvət hallarının aradan qalıdırılması üçün yenə «Qaynar Xətt» yaradır «Dalğa» Gənclər Hərəkatı «Təhsildə rüşvətsiz bir il» kampaniyasına başlayır. Yanvarın əvvəlində qış sessiya imtahanında həyata keçiriləcək kampaniya Bakı Dövlət, İqtisad, Tibb, Pedoqoji universitetləri əhatə edəcək. Hərəkatın rəhbəri Ramin Hacılı bildirir ki, hazırkı şəraitdə bu kampaniya aktualdır:

«Bir il rəmzi seçilmiş rəqəmdir. Bu müddətdə biz Azərbaycan müəllimi, valideyni və tələbəsinin rüşvətə qarşı mübarizə aparmaqla nəyə nail olacağını yoxlayacağıq. Bəzi universitetlərdə rüşvət halları lap çoxdur, bəzilərində az, bir qismində isə yox dərəcəsindədir. Kampaniyanın effektli olacağını düşünürük».



Kampaniya dövründə ali məktəblərdə üzərində «Rüşvətsiz təhsil!» yazılmış açıqcalar, müraciətlər, qələmlər paylancaq.



«Dalğa» Gənclər Hərəkatı imtahanların monitorinqini aparmaq üçün Təhsil nazirinə də müraciət edib.



Ötən həftə nazir Misir Mərdanov da yanvar imtahanlarında rüşvətin qarşısını almaq məqsədilə nazirlikdə «Qaynar xətt» yaradılacağını bildirmişdi. Nazirlikdən verilən məlumata görə, yanvarın 5-dən «Qaynar xətt» fəaliyyətə başlayacaq.



Bundan əvvəl də Təhsil Nazirliyi tələbələrin şikayətlərinin və rüşvət hallarının araşdırılması məqsədilə «Qaynar Xətt» yaratmışdı. Ancaq az sonra həmin xətti elə Təhsil Nazirliyi bağlamışdı. Səbəb kimi müraciətlərin anonim olması göstərilmişdi.