<i>«Bakı-Xəbər»</i>: «Hakimiyyət özünə varlı müxalifət yaradır»

Səs: Real audio
«AzAL» Dövlət Hava Yolları Konserninin baş direktorunun birinci müavini Sabir İlyasov deyir ki, qəzanın araşdırılması xeyli vaxt tələb edir «525-ci qəzet»dəki «İpoteka kreditləşməsi evlərin qiymətinə təsir edəcəkmi?» sərlövhəli məqaləsində Ülviyyə bu suala ekspertlərin «yox» deyə cavab verdiklərini yazır. Deputat Əli Məsimova istinadən müəllif yazır ki, ipoteka kreditləşməsi məqsədilə büdcədən ayrılan vəsait - 130 milyard manat və ya 26 milyon dollar o qədər də böyük məbləğ deyil və əmlak bazarındakı dövriyyənin cüzi hissəsini təşkil edir. Odur ki, bu məbləğin bazara çıxarılması tələbin kəskin artmasına səbəb olmayacaq və qiymətləri bahalaşdırmayacaq.



Müəllifin fikrini öyrəndiyi iqtisadçı Azər Mehtiyev isə hesab edir ki, evlərin son bir neçə ildə belə sürətlə bahalaşmasının bir səbəbi də ipoteka kreditlərinin verilməsi ilə bağlı gəzən söz-söhbətlər olmuşdur. Amma onun qənaətinə görə də, ayrılan məbləğ o qədər böyük deyil ki, evlərin qiymətinin birdən-birə artması ilə nəticələnsin. A.Mehtiyevin fikrincə, evlərin bahalaşmasına səbəb ölkədəki iqtisadi inkişaf, əhalinin pul gəlirlərinin artması, ölkədaxili miqrasiya və s.-dir. Onun sözlərinə görə, evlərin bahalaşmasına həm də bu sektordakı korrupsiya səbəb olur.



Müəllif yazır ki, Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov da ipoteka kreditləşməsinin daşınmaz əmlak bazarına ciddi təsir etməyəcəyini deyir.



«Bakı-Xəbər» qəzetindəki «Hakimiyyət özünə varlı müxalifət yaradır» başlıqlı məqalədə Fərid yazır ki, mətbuata sızan bilgilərə görə, hakimiyyət digər iş adamlarının da həbsini planlaşdırır. Müəllifin fikrincə, bütün bunlar Azərbaycanda normal iqtisadi-siyasi mühitin olmadığını təsdiqləməklə yanaşı, həm də İlham Əliyev hakimiyyətinə qarşı maqnat müxalifəti formalaşdırır. Müəllif bildirir ki, yaranmış vəziyyət istər-istəməz özünün haqsız yerə həbs olunduğunu düşünənlərin bütünlükdə indiki iqtidara qarşı barışmaz mövqe tutmasını labüdləşdirir. Beləliklə, son nəticə olaraq hakimiyyətə qarşı maddi cəhətdən daha geniş imkanlara malik müxalifətin formalaşmasının bir növ əsası qoyulmaqdadır.



«Yeni Azərbaycan» qəzetindəki «Müsavatın müttəfiq axtarışı uğursuz oldu» başlıqlı məqaləsində Aqşin birləşmək təklif olunan partiyaların bu ideyaya görə Müsavat Partiyasını tənqid etdiklərini yazır. Müəllif xatırladır ki, hələ bir həftə bundan qabaq keçirilən partiyanın Siyasi Şurasının iclasında başqan müavini Sülhəddin Əkbər AXCP «İslahatçılar»ı ilə münasibətləri dondurmaq qarşılığında müxalifətdə təmsil olunan digər partiyalarla - AXCP («Klassiklər»), AMİP, Vəhdət və ADP ilə əməkdaşlığı daha da dərinləşdirməyi təklif etmişdi.



Bu təklifin müxalifət cəbhəsində birmənalı qarşılanmadığını yazan müəllif bildirir ki, adıçəkilən partiyalar arasında ADP ilk olaraq Müsavatla birləşmək ideyasını təkzib edib. AXCP «Klassiklər»in və AMİP-in də Müsavatla bir partiya adı altında birləşmək məsələsinə müsbət cavab vermədiyini deyən müəllif yazır ki, bununla da müttəfiq axtarışında olan Müsavat Partiyası öz siyasi tərəfdaşları tərəfindən nəinki dəstək aldı, hətta tənqidlə qarşılandı.