Azərbaycan İrandan 1 milyard kubmetr qaz alacaq<p align=`left`><br><br>

Səs: Real audio
«Azəriqaz»ın rəhbəri qazın qiymətinin gələn il artmayacağını deyir Azərbaycan İrandan 1 milyard kubmetr qaz alacaq. Bu barədə «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov bildirdi. Onun sözlərinə görə, həmin qaz Əli-Bayramlıdakı elektrik stansiyasının ehtiyaclarına yönələcək.



Əlixan Məlikov deyir ki, İrandan qaz alınmasıyla bağlı hazırlıq işlərinə başlamaq göstərişini prezident İlham Əliyevdən alıblar və artıq layihələşdirmə işlərinə start verilib. İlk növbədə İran-Azərbaycan sərhədində iki ölkənin fərqli parametrlərə malik qaz şəbəkələrini birləşdirmək üçün cihazların quraşdırılması tələb olunur.



Bu, son vaxtlar Azərbaycanla İran arasında reallaşdırılan ikinci qaz layihəsi olacaq. Bir həftə əvvəl İrandan Naxçıvana qaz verilməsinə başlanmışdı.



Əlixan Məlikov başqa bölgələrin də qaz təchizatı üçün işlər görüldüyünü deyir. Onun verdiyi məlumata görə, artıq İmişli rayonuna qaz verilməyə başlayıb, gələn ildən isə Yardımlı və Lerik rayonlarına qaz çəkiləcək. Bundan başqa, Bakı kəndlərinin qaz probleminin həlli üçün dəyəri 111 milyard manat olan proqram hazırlanıb və o, yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim ediləcək.



Əlixan Məlikov deyir ki, Rusiyadan alınan qaz bahalaşsa da, ölkə daxilində əhaliyə verilən qazın qiyməti gələn il artmayacaq. Onun fikrincə, əvvəlcə ölkədə qaz sayğaclarının quraşdırılması işini başa çatdırmaq lazımdır. Yalnız bundan sonra qiymət artımı barədə düşünmək olar.



«Azəriqaz» bildirir ki, indiyəcən 310 min sayğac quraşdırılıb, gələn isə daha 500 min sayğac quraşdırılacaq. Bununla da abunəçilərin əksəriyyəti sayğacla təmin ediləcək.



Əlixan Məlikovun fikrincə, qiymət artımı 2007-ci ildə gündəmə gələ bilər. Amma o, öz adından danışdığını, hökumətin mövqeyini ifadə etmədiyini də dedi.