Təkrar seçkidə iştirak üçün altı nəfər imza vərəqəsi götürüb

Səs: Real audio
«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev seçkiyə qatılmaq istəyənlərin azlığını 6 noyabrdan sonra əhalinin inamının sarsılması ilə izah edir Nəticələri ləğv olunmuş on dairədə keçiriləcək təkrar seçkidə iştirak etmək üçün indiyədək altı nəfər imza vərəqəsi götürüb. Suraxanı 31 saylı ikinci seçki dairəsindən beş, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən isə bir nəfər imza vərəqəsi götürüb. Bu haqda məlumat verən Mərkəzi Seçki Komissiyası (MSK) Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, qalan səkkiz dairədən hələlik heç kim imza vərəqəsi götürməyib.



İndiyədək imza vərəqəsi götürənlər arasında yalnız iki nəfər tanınmış şəxslərdir; keçən Milli Məclisin İqtisadi - Siyasət Daimi Komissiyasının sədr müavini Əli Əlirzayev və hüquqşünas İlqar Altay. Onların hər ikisi namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürüblər.



«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev on dairədən yalnız ikisində imza vərəqəsinin götürülməsini və seçkiyə qatılmaq istəyənlərin azlığını 6 noyabrdan sonra əhalinin inamının sarsılması ilə izah edir. O, deyir ki, ilk dəfəydi ki, cəmiyyət seçkinin ədalətli keçiriləcəyinə ümidliydi və müxalifətlə yanaşı müstəqil, bitərəf namizədlər də kampaniyada fəal şəkildə iştirak edirdilər. Amma bununla belə, ekspert hesab edir ki, vaxta hələ var və bu müddətdə seçkidə iştirak etmək istəyənlərin sayı arta bilər.



Namizədlərin qeydiyyatı seçkiyə 70 gün qalmış, martın 4-də başa çatacaq. On gün sonra – martın 14-də isə təbliğat-təşviqat kampaniyasına start veriləcək.



Təkrar seçki 2006-cı il mayın 13-də nəticələri ləğv olunmuş on - 9 saylı Binəqədi, 31 saylı Suraxanı ikinci, Gəncədəki 38 saylı Nizami ikinci, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələrində keçiriləcək.



Bu arada Milli Məclis yeni MSK-nın formalaşması ilə bağlı parlamentdə təmsil olunmuş partiyalara namizədlərini müəyyənləşdirmək üçün müraciət etsə də, hələlik cavab yoxdur. Müsavat və Xalq Cəbhəsi partiyalarından namizədlərini bu həftə ərzində müəyyənləşdirəcəklərini bildirirlər. Hərçənd AXCP-də yeni MSK-nın formalaşmasında iştirak etməməklə bağlı təklif də səslənməkdədir. Hakim Yeni Azərbaycan Partiyası da qərarını yanvarın əvvəllərində verəcəyini bildirir.