Təyyarə qəzasında həlak olanların ailələrinə 10 milyon manat verilib<p align=`left`><br><br>

Səs: Real audio
Tam kompensasiyalar isə komissiya işini bitirdikdən sonra veriləcək «Azərbaycan Hava Yolları» («AZAL») Dövlət Konserninə məxsus AN-140-100 təyyarəsində həlak olan əcnəbi vətəndaşların cəsədləri yaxınlarına verilib. Yalnız Avstraliya vətəndaşının şəxsiyyəti hələ də müəyyənləşdirilir, bir neçə günə onun meyiti də vətəninə aparılacaq».



Bunu «Azadlıq» radiosuna «AZAL» prezidentinin müavini Sabir İlyasov deyir.



Cənab İlyasovun bildirdiyinə görə, 23 nəfərin ölümüylə nəticələnmiş qəzanı araşdıran komissiya işini davam etdirir, hadisənin səbəbləri ilə bağlı hələlik əvvəlki versiya qüvvədədir.



«AZAL» və Ukrayna-Rusiya mütəxəssislərinin birgə iştirakıyla yaradılan komissiya AN-140-ın «qara qutu»sunu açandan sonra belə qənaətə gəlib ki, qəzaya səbəb təyyarənin havadakı vəziyyətini əks etdirən qurğuların sıradan çıxması ola bilər. Komissiya eyni zamanda terror versiyasını da istisna etmir.



Ötən il dekabrın 23-də Bakı-Aktau reysilə uçan AN-140-100 təyyarəsi havaya qalxandan səkkiz dəqiqə sonra sahil xətti yaxınlığında dənizə çırpılaraq parçalanıb.



Təyyarədə həlak olanların ailələrinə kompensasiyalar isə qəzanı araşdıran komissiya işini qurtarandan sonra veriləcək. Sabir İlyasov bildirir ki, ailələrə dəfn xərcləri üçün ilkin olaraq 10 milyon manat verilib.



Qəzada həlak olanların ailələri Mülki Aviasiya ilə bağlı Varşava Konvensiyasına müvafiq olaraq 20 min, Azərbaycanın icbari sığorta qaydalarına görə isə, daha 5 min ABŞ dolları məbləğində kompensasiya alacaqlar.