<i>«Gün Səhər»</i>: «Qara kürünün qara günləri»

Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir "Yeni Azərbaycan" qəzetindəki "Hökumət inflyasiyanın 9 faizi ötməməsi üçün qabaqlayıcı tədbirlər görəcək" başlıqlı məqaləsində Elbrus Mərkəzi Banka istinadən yazır ki, 2006-cı ildə iqtisadi artım tempi ilk dəfə olaraq 30 faizi ötəcək. Hətta inkişaf dinamikası büdcə gəlirlərinin 70 faizədək artmasında əhəmiyyətli rol oynayacaq. Halbuki, indiyədək Azərbaycanın büdcə gəlirləri 30-40 faizdən yuxarı olmayıb.



Müəllif bildirir ki, Milli Bank bu artım qarşılığında bazarda pul kütləsinin çoxalacağını nəzərə alaraq, inflyasiya amilinə ciddi diqqət yetirəcək. Pul kütləsi inflyasiyanın dərinləşməsində mühüm rol oynadığından, Mərkəzi Bank inflyasiyanın təkrəqəmli, yəni 9 faizi ötməməsi üçün kompleks tədbir görəcək.



Məlum olduğu kimi BMT-yə bağlı olan CITES təşkilatı nərə balıqları və onun kürüsünün ixracını dondurub. "Gün Səhər" qəzetindəki "Qara kürünün qara günləri" sərlövhəli məqalədə də bu qadağadan bəhs olunur. Məqalə müəllifi yazır: "Qərb təşkilatları anlayır ki, qara kürünün öz ərazilərinə buraxılmamağı heç də o demək deyil ki, rus, azəri, qazax və İran brakonyerləri öz çirkin əməllərindən əl çəkib balıq ovu əvəzinə körpə balıq artırma zavodlarına üz tutacaq. Əsla. Bu taamın istehlakçıları həm Asiyada, həm Afrikada kifayət qədərdir. Elə Amerika və Avropanın özündə də belə yasaqlar qara kürünün satışdan tamamilə itməsi ilə yox, qiymətinin kəskin şəkildə artması ilə nəticələnə bilər".



"525-ci qəzet"dəki "Fransa "erməni soyqırımı"ndan üz çevirir?" başlıqlı məqaləsində Vüqar yazır ki, tarixçilərin müraciətini nəzərə alan Fransa parlamenti "Erməni soyqırımı haqqında" qanuna yenidən baxmaq niyyətindədir.



Müəllif bildirir ki, Fransa Milli Assambleyasının sədri "Europe 1" radiosuna müsahibəsində tarixçilərin irad və etirazını doğuran qanunların onların rəyi nəzərə alınmaqla yenidən yazılmasının mümkünlüyünü vurğulayıb. Müəllif yazır ki, spiker ermənilərlə bağlı qanuna yenidən baxılacağını dedikdə nəyin nəzərdə tutulduğu bəlli deyil. Çünki sözügedən qanun cəmi bir cümlədən – "Fransa 1915-ci ilin erməni soyqırımını tanıyır" cümləsindən ibarətdir.