<i>«Ayna»</i>: «Gürcüsayağı iqtisadiyyat»

Səs: Real audio
"Azərbaycan qaz böhranını aradan qaldırmaq üçün Ermənistana yardım etmir. Gürcüstanın ehtiyaclarını ödəmək üçün verilən qaz da Ermənistana ötürülə bilməz. Belə iddiaların nə texniki, nə hüquqi, nə də maliyyə əsasları var" «Ayna» qəzetindəki «Gürcüsayağı iqtisadiyyat» başlıqlı məqalədə xatırladılır ki, noyabrın 22-dən başlayaraq Azərbaycan tərəfi Gürcüstana elektrik enerjisi və təbii qaz nəql etməyə başlayıb. Bununla da bir daha qonşu ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas edib. Gürcüstan isə, bunun əvəzində Azərbaycanı şantaj edir. Məqalədə bildirilir ki, gürcü rəsmiləri azərbaycanlı həmkarları ilə danışıqlarda tez-tez ölkələrində 500 milyon azərbaycanlı yaşadığını diqqətə çatdırırlar. Bildirirlər ki, elektrik enerjisi və təbii qazın yoxluğunu ilk növbədə Gürcüstanda yaşayan azərbaycanlılar hiss edəcəklər.



«Gün Səhər» qəzetindəki «Ziyanın yarısı» başlıqlı məqalədə Elxan yazır ki, nə Azərbaycan hakimiyyəti, nə də müxalifət dairələri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının belə ciddi mübahisə predmetinə çevriləcəyini gözləmirdi. Elə ona görə də, hakimiyyət qurumun sessiyasına o dərəcədə arxayın yollanıb ki, görüntü üçün heyətin tərkibinə müxalifətçiliyi az mübahisə doğuran bir fiqur da salmağı lazım bilməyib. Müəllif yazır ki, AŞPA-nın 46 ölkə içərisində yalnız Azərbaycan nümayəndəliyinin mandat məsələsini müzakirəyə çıxarması müxalifətə də az təsir etməyib. Bu, «Milli Məclisə getməyək» deyənlərin mövqeyini gücləndirərək, «gedək» deyənlərin ən azı yenidən gözləmə mövqeyinə çəkilməsinə yol açıb. «Gedək» və «getməyək» deyənlər birləşərək, AŞPA-nın qərarını əldə rəhbər tutub, yeni parlament seçkisinin keçirilməsi istiqamətində təzədən fəaliyyətə başlaya bilərlər.



«Yeni Azərbaycan» qəzetindəki «Azadlıq» bloku nüfuzunu itirib» başlıqlı məqalədə bildirilir ki, parlamentdə təmsil olunmaqla bağlı AXCP və ADP yekun qərar versələr də, Müsavat Partiyası hələ də gözləmə mövqeyindədir. Müəllifə görə, bunun AŞPA-nın qış sessiyası ilə bağlı olduğunu düşünmək doğru deyil. Müəllifin fikrincə, Müsavat Partiyasını Milli Məclisin işinə qatılmağa vadar edən bir sıra amillər var. Ən başlıca amil isə odur ki, parlamentə getməklə partiya Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndə göndərə biləcək. Yəni, qarşıdan prezident seçkisi gəlir və partiyanın MSK-da nümayəndəsinin olması onlar üçün olduqca vacibdir.