Marşrutlarda gediş haqqı iki dəfə artırılıb

Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik Sakinlər qiymətlərin qar əriyəndən sonra da aşağı salınmayacağından narahatdırlar



Avtobus dayanacağında söhbət etdiyim Bakı sakinləri deyirlər ki, səhər işə gedəndə, sürprizlə qarşılaşıblar. Əvvəllər 500 manata işləyən marşrut avtobuslarının əksəriyyəti indi iki dəfə artıq – 1000 manat tələb edirlər. Halbuki, iqtisadi inkişaf naziri Heydər Babayev demişdi ki, sürücülərin etirazına baxmayaraq, nəqliyyatda gediş haqları artırılmayacaq. Qanunla qiymətləri ancaq Tarif Şurasının qərarından sonra qaldırmaq olar.



Sürücülərin bəziləri deyirlər ki, qiymətləri qar yağıb deyə qaldırıblar, yollar buz bağlayanda, sürət aşağı olduğu üçün reyslərin sayı azalır, gəlir də azalır. Başqa bir sürücü isə deyir ki, yollar buz bağlayanda, yanacaq çox sərf olunur, odur ki, məcbur olub qiyməti qaldırırlar.



Sakinlər isə qiymətlərin qar əriyəndən sonra aşağı salınmayacağından narahatdırlar. Məsələn, hər il Qurban bayramı vaxtı ətin qiyməti qalxır, bayram qurtarandan sonra da düşmür.



İqtisadçı Azər Mehtiyev də deyir ki, sürücülər əhalinin bu pulu ödəyə bildiyini görüb qiymətləri aşağı salmayacaqlar. İqtisadçının sözlərinə görə, indi gediş haqqı ancaq hökumətin müdaxiləsindən sonra aşağı düşə bilər.



Amma 271 nömrəli avtobusun sürücüsü deyir ki, o, heç qar əriyəndən sonra da gediş haqqını azaltmaq fikrində deyil. Onun sözlərinə görə, hökumətin məsuliyyətini o, çəkməli deyil, dizel qalxandan sonra evə əliboş gedir, onun yeganə əlacı qiymətləri qaldırmaqdır



İqtisadçı Azər Mehtiyev deyir ki, sürücüləri qınamaq lazım deyil. Hökumət gərək dizelin qiymətini qaldıranda, belə halları nəzərə alaydı. Azər Mehtiyevin sözlərinə görə, hökumət əhalinin narazı qala biləcəyini nəzərə alıb, nəqliyyat daşımalarını bazarın öhdəsinə buraxmırsa, onda nəqliyyatda bağlı bütün məsələləri tənzimləməlidir.



Söhbət etdiyim sürücülər də iqtisadçının fikri ilə razıdırlar. Onların bəziləri isə deyirlər ki, Bakı şəhər Nəqliyyat Departamenti ilə razılaşmasaydılar, qiymətləri qaldıra bilməzdilər.



Nəqliyyat Departamentinin sədr müavini Xaləddin Namazov isə deyir ki, onlar heç bir marşruta qiymətləri qaldırmaq barədə göstəriş verməyiblər. O, sərnişinlərə məsləhət görür ki, sürücüyə artıq pul ödəməsinlər.



Yanvarın 6-da əsasən nəqliyyatda istifadə edilən yanacaq – dizel iki dəfə bahalaşdırılandan sonra sürücülər deyirdilər ki, onlar belə qiymətlə işləyə bilmirlər, mənfəətləri iki dəfə aşağı düşüb, odur ki, gediş haqlarını qaldıracaqlar. Sürücülər hətta bu tələblə etiraz aksiyası da keçirmişdilər.



İqtisadi inkişaf naziri Heydər Babayev isə deyir ki, sürücülər bu tariflə də mənfəətli işləyə bilərlər, odur ki, gediş haqlarını qaldırmaq olmaz. Son qərar isə Tarif Şurasının növbəti iclasında veriləcək.