Quşların qanının analizi üçün Amerikadan aparat gətiriləcək

Səs: Real audio
Asiya İnkişaf Bankı isə "quş qripi" riski ilə əlaqədar Azərbaycana 50 min dollar yardım ayırıb «Yanvarın 27-dək Azərbaycanda «quş qripi» virusu aşkarlanmayıb». Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun sözlərinə görə, indilik ölkə ərazisində xəstəliklə bağlı təhlükə yoxdur. Köçəri quşların gəlişi daha çox yaz aylarında gözlənilir.



Azərbaycandakı quşlardan götürülmüş qan nümunələri isə fevralın 12-14-də ABŞ-ın Qahirədəki referent laboratoriyasına göndəriləcək. Yanvarın 29-da isə Amerikadan olan ekspertlər yenidən Azərbaycana gələcək və köçəri quşlardan götürülən analizləri yoxlamaq üçün səyyar aparat gətirəcəklər.



Emin Şahbazovun sözlərinə görə, Gürcüstanda «quş qripi» virusunun olmasıyla bağlı söz-söhbətlərdən sonra Azərbaycanın Baytarlıq Xidmətinin rəhbərliyi gürcü həmkarlarıyla əlaqə saxlayıb. Onlara bunun şayiə olduğu deyilib. Ancaq bununla belə Azərbaycan Gürcüstandan quş məhsullarının gətirilməsinə qadağa qoyub.



«Quş qripi» virusuna qarşı indiyədək Azərbaycanda ov quşlarının və diri quşların satışına qadağa qoyulub, ölkə sərhədlərini keçən avtomobillər dezinfeksiya olunur. Yanvarın 30-da isə köçəri quşlarda xəstəliyin olub-olmamasını öyrənmək üçün bütün ölkə ərazisində monitorinqə başlanılacaq. Buna qədər 7 monitorinq keçirilib və bunların heç birində sözügedən virus müəyyən edilməyib.



Bu arada Asiya İnkişaf Bankı Azərbaycana "quş qripi" riski ilə əlaqədar 50 min ABŞ dolları məbləğində qrant ayırıb.



Bank ilə Azərbaycan hökuməti arasında imzalanan sənədə əsasən, "quş qripi" təhlükəsi ilə əlaqədar Azərbaycana ilkin olaraq 50 min ABŞ dolları məbləğində yardım ayrılacaq. Bu vəsait yardımın birinci mərhələsidir və xüsusi vəziyyət nəzərə alınmaqla, əlavə qrant yardımı da göstərilə bilər.