<i>«Bakı-Xəbər»</i>: «Bakı Saakaşvili qarşısında şərt qoyub»

Səs: Real audio
Artıq beşinci gündür ki, Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Günəşli" yatağının 80 nəfərdən çox qazmaçısı ərzaqsız qalıb. Fəhlələrin növbələri başa çatsa da, hava şəraitinin pisləşməsi ucbatından dənizdən çıxa bilmirlər «Bakı-Xəbər» qəzetindəki «Rəsmi Bakı Saakaşvili qarşısında şərt qoyub» sərlövhəli məqalədə xatırladılır ki, Gürcüstan yaranmış enerji böhranının müəyyən dərəcədə aradan qaldırılması üçün ümidini Azərbaycana bağlayıb. Hətta Azərbaycanın bu məsələdə Gürcüstana daha çox yardım etdiyini vurğulayan prezident Mixail Saakaşvili rəsmi Bakı ilə münasibətlərin daha da genişləndirilərək strateji müttəfiqlik səviyyəsinə çatdırılacağını vurğulayır. Qəzetin yazdığına görə, bütün bunlara baxmayaraq, etdiyi yardımlar əvəzində Azərbaycan hökuməti Gürcüstandan müəyyən yollarla xeyir götürmək istəyir. Həmin xeyir isə, maddi məsələlərlə yox, imic formalaşdırılması ilə əlaqədardır. Bildirilir ki, indi rəsmi Moskva mövcud təsir imkanları ilə Saakaşvili hökumətini zəiflətməyə çalışsa da, bu, əks effekt verərək, Qərbdə onun daha güclü şəkildə dəstəklənməsinə gətirib çıxarıb. Bu məqamı diqqətdən qaçırmayan və Gürcüstana enerji yardımlarını davam etdirən Azərbaycan tərəfi müəyyən dərəcədə Saakaşvilinin xidmətlərindən yararlanmaq istəyir.



«525-ci qəzet»in müxbirilə söhbətində Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Azərbaycanın AŞ PA-da Ermənistan üzərində qələbəsi bəzi dairələri narahat edir. Buna görə də həmin dairələr nəyin bahasına olursa-olsun, Azərbaycanın AŞ PA-dakı nüfuzuna xələl gətirən bir sənədin qəbul edilməsinə cəhd göstərirdilər. Amma bütün bu cəhdlərə baxmayaraq, həmin dairələr buna nail ola bilmədilər. Millət vəkilinin fikrincə, AŞ PA-da Azərbaycanın fəaliyyətini əngəlləyəcək heç bir sənəd yoxdur və ola da bilməz. Azərbaycan nümayəndə heyəti bundan sonra da orada səmərəli fəaliyyət göstərəcək, Ermənistana qarşı lazımi sənədlərin qəbul edilməsinə çalışacaq. Mübariz Qurbanlının sözlərinə görə, son sessiyada AŞ PA-nın 6 noyabr seçkilərilə bağlı məlum tövsiyələri də var ki, Azərbaycan hakimiyyəti bunları diqqətdə saxlayacaq.



«Yeni Azərbaycan» qəzetindəki «Müsavatın dağılmasına qeyri-rəsmi start verildi» başlıqlı məqalədə bildirilir ki, partiyadaxili münaqişə başqan müavini, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə rəhbərlik arasında baş verir. Cənab Arifoğlu qəzeti partiya rəhbərliyinin nəzarətindən qopararaq, «Yeni Müsavat»ı təkbaşına idarə etməyə başlayıb. Üstəlik, başqanın istəklərinə xidmət edən məqalələrin dərcinə icazə vermir. Hələlik, başqa təbliğat imkanı olmayan İsa Qəmbərsə, R.Arifoğlunun hegemonluğuna baş əymək məcburiyyətindədir. Qəzet yazır ki, Müsavatın indiyə qədər təkrar seçkiyə getməmək haqqında qərar qəbul etməməsi də məhz R.Arifoğlunun adı ilə bağlıdır.