«Basman» bazarında ölənlər arasında azərbaycanlılar da var<p align=`left`><br><br>

Səs: Real audio
Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Vaqif Şərifov uçqunlar altından altı azərbaycanlının cəsədinin çıxarıldığını deyir Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi son məlumata görə, fevralın 23-ü səhər Moskvadakı «Basman» bazarının dam örtüyünün çökməsi nəticəsində 56 nəfər ölüb, 34-ü xəstəxanaya yerləşdirilib. Yaralananlar arasında azərbaycanlı, erməni, dağıstanlı, tacik və başqa millətin nümayəndələri var. Soyadlarına görə müəyyən edilib ki, yaralıların arasında 10 nəfər azərbaycanlı var.



Uçqunun təmizlənməsi, həlak olanların və yaralıların axtarışı davam edir. Həlak olanlar arasında Azərbaycan vətəndaşlarının sayının artacağı istisna olunmur.



Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalov da bildirir ki, zərərçəkənlərlə bağlı rəqəmlər dəyişir: «Hər yarım, bir saatdan dağıntılar altından meyit çıxarılır. Əməkdaşlarımız xəstəxanalara baş çəkirlər. Azərbaycanlılardan 5 nəfərin həlak olması haqda məlumat var, 29 yaralıdan isə, 19-20-si azərbaycanlıdır».



Hadisə 2 min kvadratmetrlik ərazidə baş verib. Rusiya rəsmiləri hadisəyə səbəb kimi damın qarın ağırlığından çökdüyünü bildirirlər. Faktla bağlı cinayət işi qaldırılıb.



Rusiya hökuməti həlak olan hər bir şəxsin ailəsinə 100 min, xəstəxanaya düşənlərə isə, 50 min rubl verilməsi barədə qərar qəbul edib.