Yerli ekspertlər prezident İlham Əliyevin Azərbaycanın İrana qarşı hər hansı mümkün hərbi əməliyyatda iştirak etməyəcəyi barədə fikirlərini Bakının neytral görünmək istəyilə izah edirlər
Aprelin 26-da Vaşinqtonda Xarici Əlaqələr Şurasında ekspertlərin suallarına cavab verərkən İlham Əliyev deyib ki, Vaşinqtonla Bakı arasında yüksək səviyyədə əlaqələr mövcuddur və Azərbaycan elə ilk günlərdən İraqda Birləşmiş Ştatların müttəfiqidir. Lakin Azərbaycan İrana qarşı hər hansı mümkün hərbi əməliyyatda iştirak etməyəcək.
Ancaq Müsavat partiyasının Divan üzvü Hikmət Hacızadə hesab edir ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan bu məsələdə kiminsə tərəfini saxlamağa məhkumdur. Və bu tərəfkeşliyin kimin xeyrinə olması aydın bir məsələdir: "Biz məhkumuq, çünki bizim ərazimizdə Amerikanın xeyli müəssisələri var, investisiyası var, BTC var".
Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Orucsa deyir ki, Azərbaycanın bu məsələdə neytrallıq göstərməsi Amerikaya qarşı çıxmaq, İranı müdafiə etmək kimi yozulmamalıdır. Zahid Orucun fikrincə, prezidentin "hər iki ölkənin xeyrinə Amerika ilə hərbi əməkdaşlığı davam etdirəcəyik" fikri İran tərəfində müəyyən qıcıq da yarada, bununla bağlı Tehrandan müəyyən bəyanatlar da səslənə bilər. Amma Azərbaycan hansısa ölkə və ya qurumla öz hərbi və digər əlaqələrini İranın buna münasibəti əsasında qurmur.
Zahid Oruca görə, əgər Azərbaycan açıq şəkildə bəyan edirsə ki, öz ərazisindən İrana qarşı ön cəbhə kimi istifadə edilməsinə yol verməyəcək, bu, kifayət qədər yetərli mövqedir: "Mənə elə gəlir ki, bu, yetərli bir mövqedir. Bu, təkcə İranın maraqlarının nəzərə alınması demək deyil. Bu, ölkə rəhbərinin öz millətini düşünməsidir".
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə İlham Əliyevin fikirlərində təzadlar olduğunu deyir: "Hazırda Amerikanın Azərbaycandan istədiyi İrana qarşı koalisiyada iştirak etməkdir. Əgər doğurdanda hər şey İlham Əliyevin dediyi kimi olarsa, onda Amerika ilə əməkdaşlıqda müəyyən problemlər meydana çıxa bilər".
Ərəstun Oruclunun sözlərinə görə, prezidentin söylədikləri Amerika prezidenti ilə görüşdən əvvəl deyilmiş fikirlərdir. Ola bilsin ki, prezidentlərin görüşündən sonra bu fikirlər bir qədər dəyişsin.