Azərbaycanın terrorçuluqla mübarizəsi bəyənilib

ABŞ Dövlət Departamenti terroçuluğa dair son hesabatında Azərbaycanın bu sahədəki işini təqdir edib. Dünya ölkələrinin terrorçuluqla mübarizəsinə dair hesabatının Azərbaycana dair hissəsində deyilir ki, 2001-ci ildən bəri bu ölkə terrorçuluqla sərt mübarizə aparıb, şübhəli terrorçu qrupların üzvlərini mühakimə edib, belə qrupları himayə edən islamçı təşkilatları bağlayıb.


2003-cü ildə hökumət «çirkli pullar»ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilik sənədləri hazırlamaq üçün ekspert qrupu yaradıb.


Fevral ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə özünü «Əl-Qaida-Qafqaz» adlandıran altı nəfərlik qrupu mühakimə edib.


Hesabatda həmçinin Azərbaycanın Birləşmiş Ştatların İraq və Əfqanıstanda hərbi əməliyyatlarına göstərdiyi dəstəkdən bəhs olunur.