«Ermənilərə referendum haqqının verilməsi antimilli hərəkət olardı»

Vəfa Quluzadə

«Panorama»nın budəfəki qonağı keçmiş dövlət müşaviri Vəfa Quluzadədir. Onunla Qarabağ münaqişəsinin həlli yollarından danışdıq.

- Vəfa müəllim, bu həftə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycana səfər etdi. Brayza dedi ki, Qarabağ münaqişəsinin nizamlanma prosesi yaxındır. Siz necə hesab edirsiniz, bu, doğrudanmı belədir?

- Metyu Brayza belə bəyanat verəndə, deməlidir ki, nə üçün belə hesab edir. O, həmişəki kimi bunu demədi. Əksinə, bütün faktorlar göstərir ki, münaqişənin həlli çox uzaqdır?

- Hansı faktorları nəzərdə tutursunuz?

- Ölkələrin mövqeyi hələ də bir-birlərindən kəskin şəkildə fərqlənir. Ermənistan hesab edir ki, Dağlıq Qarabağ ona məxsusdur. Nəinki Dağlıq Qarabağı, onlar ətraf rayonları da özlərininki hesab edirlər. Metyu Brayza və digər həmsədrlər birinci dəfə deyil ki, belə bəyanatlar verirlər…

- Vəfa müəllim, prezidentlərin may ayına nəzərdə tutulan görüşündən nə gözləyirsiniz?

- Prezidentlərin heç bir görüşü nəticə verən deyil. Çünki onlar həmsədrlərin xahişi ilə bir araya gəlirlər. Prezidentlər də məcburdurlar bir araya gəlib, söhbət etsinlər, sonra da ayrılsınlar. Həmsədrlər də sonradan bunu öz uğurları kimi təqdim edirlər…

- Vəfa müəllim, bu yaxınlarda referendumla ölkə konstitusiyasına bir sıra əlavə və dəyişiklik edildi. Onlardan biri Qarabağ münaqişəsi ilə bağlıdır. Yeni dəyişikliyə əsasən, müharibə şəraitində prezidentin və parlamentin səlahiyyət müddəti artırıla bilər. Buna necə baxırsınız?

- Birincisi, mən indiki şəraiti müharibə şəraiti hesab etmirəm. Əgər müharibə şəraiti yaransa, Azərbaycan ordusu ilə Ermənistan ordusu bütün cəbhə boyu toqquşsa, bunu etmək olar. Bu hərb şəraiti deyil. Bu nə hərb, nə sülh şəraitidir. Bunu da böyük dövlət - Rusiya yaradıb. Ona görə də belə bir şəraitdə səlahiyyət müddətinin artırılması ağlasığan deyil…

- Orda bir dəyişikliklə də bağlı müxalifət narahatlıq dilə gətirir. Söhbət 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanının verilməsindən gedir. Müxalifət narahatdır ki, bundan gələcəkdə Qarabağda yaşayan ermənilər referendum üçün istifadə edə bilərlər. Doğrudan narahatlığa əsas var?

- Mən ermənilərə referendum haqqı verilməsi ideyasını tamamilə anti-Azərbaycan, antimilli hesab edirəm. Mən bilmirəm bu dəyişiklik ermənilərə referendum haqqı verəcək, ya yox. Mən uzman deyiləm. Ancaq bu haqq onlara verilərsə, bu, Azərbaycanın əleyhinə çevrilmiş bir şey olacaq…