Azərbaycanda soyqırım günü qeyd edilir

Təkcə Bakı və onun ətrafında on mindən çox dinc azərbaycanlı məhv edilib

1918-ci ilin mart ayında əsasən milliyyətcə erməni olan bolşeviklərdən formalaşmış Bakı Xalq Komissarları Soveti tərəfindən Bakıda, Qubada, Lənkəranda, Salyanda, Zəngəzurda və azərbaycanlıların yaşadıqları digər ərazilərdə kütləvi qırğınlar törədilib.

Yerli tarixçilər qeyd edirlər ki, təkcə Bakı və onun ətraf yaşayış məntəqələrində on mindən çox dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılmış, Bakının böyük bir hissəsini xarabalığa çevrilmişdi.

O zaman Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla milli qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti də mart hadisələrinə xüsusi diqqət yetirilib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib.

Keçmiş prezident Heydər Əliyev də 1998-ci ildə hər il martın 31-nin Azərbaycanlılara qarşı soyqırım günü kimi anılması ilə bağlı sərəncam verib.