Avrasiya Yəhudiləri Konqresi «907-ci düzəliş»in tam ləğvi üçün lobbiçilk edəcək

Avrasiya Yəhudiləri Konqresi ABŞ-ın Azərbaycana birbaşa hökumət yardımını qadağan edən «907-ci düzəliş»in tam ləğvi üçün lobbiçilk edəcək. Bu barədə təşkilatın Bakıda səfərdə olan nümayəndəsi İosif Zisels məlumat verib. Cənab Zisels deyir ki, onlar «Cekson-Venik» düzəlişinin Azərbaycanla bağlı hissəsinin ləğvinə də çalışacaqlar. İosif Ziselsin sözlərinə görə, Azərbaycandakı yəhudi icması onlardan Azərbaycanın problemlərinin həllinə yardım göstərməyi xahiş edib. Konqress isə Azərbaycanda antisemitizmin mövcud olmadığını nəzərə alaraq bu xahişə müsbət cavab verib: «Bu məsələ İlham Əliyevin ABŞ-a səfəri zamanı yəhudi icmasıyla görüşündə səsləndi və Amerikadakı yəhudi təşkilatları həmin ideyanı dəstəklədilər. Bizim Konqress Ukraynayla bağlı «Cekson Venik» düzəlişinin ləğvində fəal iştirak edib. Yəni, demək istəyirəm ki, bizim Amerika Konqresinə təsir təcrübəmiz var».


«Cekson-Venik» düzəlişi adlanan qanun 1974-cü ildə qəbul edilib. Qanunun qəbul edilməsinə səbəb kimi SSRİ-nin öz vətəndaşlarının mühacirətini məhdudlaşdırması göstərilib. Düzəliş Amerikanın bu tip ölkələrə rəsmi kreditlər və kredit təminatı verməsini qadağan edir. SSRİ artıq mövcud olmasa da, qanun keçmiş sovet respublikalarına münasibətdə qüvvəsini saxlayır.


«Azadlıq Aktı»na «907-ci düzəliş» adlanan qanun isə 1993-cü ildə qəbul edilib. Qanunun qəbuluna səbəb kimi Azərbaycanın Ermənistanı blokadada saxlaması göstərilib. Cənab Zisels bildirib ki, bu mənada «907-ci düzəliş»in qəbulunda fəal rol oynamış ABŞ-dakı erməni lobbisiylə münasibətlərinin gərginləşəcəyini də düşünmür: «Əlbəttə bu məsələdə onlarla qarşılıqlı əlaqədə olacağıq. Bu, sirr deyil. Amma düşünürəm ki erməni və yəhudi lobbiləri dil tapacaq. Çünki onların başqa məsələlərdə də qarşılıqlı əlaqələri var».


Cənab Zisels onu da deyib ki, may ayında Bakıda «Dünya yəhudiləri və Qafqaz» mövzusunda keçirilməsi planlaşdırılan forum ləğv edilməyib, payıza qədər təxirə salınıb. Onun sözlərinə görə, bunun səbəbi Avrasiya Yəhudiləri Konqresinin Bakıya gələcək rəhbərinin xəstələnməsidir. O, deyib ki, Azərbaycan hökuməti tədbirin məqsədəuyğun olmaması barədə onlara heç bir fikir bildirməyib. Bundan əvvəl isə «Amal» Ziyalılar Hərəkatı Azərbaycanla İranın münasibətlərini gərginləşdirməmək üçün tədbirin Bakıda keçiriməməsini təklif etmişdi.