Avropa azərbaycanlıları nə ilə cəlb edir?

Gələn ay müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, habelə elm adamlarının iştirakıyla Dünya Azərbaycanlı Ziyalılarının Forumu keçiriləcək. Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin təşkil etdiyi bu tədbir iyun ayının 4-dən 10-dək Türkiyənin Antalya şəhərində baş tutacaq. Forumun keçirilməsinə görə məsul, komitənin əməkdaşı Ramil Həsənov deyir ki, bu təşəbbüs Dünya azərbaycanlılarının ikinci qurultayında diaspora qarşısında qoyulan vəzifələrdən irəli gəlir.


Misirdə yaradılan Vətən Tələbə Cəmiyyətinin sədri , Ayn-Şəms universitetinin dillər fakültəsində oxuyan Pərviz Musayev radiomuzun saytına son fəaliyyətləri ilə bağlı məktub yazıb. Azərbaycanlı tələbələr Qahirədə keçirilən 25-ci Xalqlar Günü Festivalında iştirak ediblər.


Daha bir məktub bizə Belçikadan gəlib. Azərbaycanın Avropa Birliyindəki missiyasında çalışan Anar Cahangirli bildirir ki, mayın 29-da Brüsseldə Avropa Parlamentinin binasında Avropada təhsil alan Azərbaycanlı tələbələrin forumu keçiriləcək. Forumda 70-dən çox tələbə iştirak edəcək. Tədbirin məqsədi Avropada oxuyan azərbaycanlı tələbələrin Azərbaycanla bağlı məsələlərdə lobbiçilik imkanlarını müzakirə etmək və genişləndirməkdir.


İnsanlar müxtəlif səbəblərə görə xaricə üz tutur, bəziləri vətənlərini tərk etdiyinə görə sonradan peşmançılıq çəkir, bəziləri isə tez bir zamanda təzə cəmiyyətə uyğunlaşa bilirlər. Qlobusun axırıncı qonağı beş-on il bundan qabaq heç təsəvvürünə gətirməzdi ki, nə vaxtsa Avropaya köçəcək. Namiq Ağayev Bakıdandır, 2003-cü ildə Praqaya köçüb, deyir ki, bu ölkədən onun xoşu gəlir və Çexiyanın həyat tərzini qısa müddətə mənimsəyə bilib. Deyir ki, Çexiyada ən çox xoşuna gələn qanunların işləməsi və rüşvətlə üzləşməməsidir.


DİNLƏYİN!