İran böhranı çözülərsə…

ATƏT-in Minsk Qrupunun həmsədrləri mətbuat konfransı keçirərkən - Bakı 12 iyul 2005

Ekspertlərin fikrincə, belə olan təqdirdə Rusiyanın Qarabağ münaqişəsinin həlli prosesinə meylli olacağı gözləniləndir


Həmsədrlərin mayın 24-də yayılan bəyanatı hakimiyyətə yaxın elektron mediada bir qədər tənqidi yöndə şərh edildi. Hətta belə bir fikir də özünə yer alıb ki, həmsədrlərin Qarabağ münaqişəsinin həlli məqamının yetişməsiylə bağlı bəyanatı onların özlərini işgüzar göstərmək və bu səfərə xüsusi çəki vermək niyyətlərindən irəli gəlir. Ancaq «Zelkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov həmsədrlərin bəyanatına tənqidi yöndə yanaşma ilə razı deyil. O, deyir ki, istər Amerika Birləşmiş Ştatlarının, istərsə də Fransanın Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırması özünü çox açıq şəkildə göstərir. Əgər həmsədr ölkələr qlobal məsələlərdə, o cümlədən də İran böhranının çözülməsində yekdil fikrə gəlsələr həmsədrlərin həmin bəyanatını anlamaq daha asan olar. Rauf Mirqədirov deyir ki, İran böhranı çözülərsə Rusiyanın Qarabağ münaqişəsinin həlli prosesinə meylli olacağı gözləniləndir: «Bu halda Rusiya Qarabağ münaqişəsi ilə manipulyasiya imkanlarını itirir. Rusiya gah Azərbaycanın ərazi bütövlüyünü müdafiə edirəm deməklə, gah da Kosova münaqişəsini oxşar münaqişələrə nümunə göstərməklə Qarabağ münaqişəsindən manipulyasiya kimi istifadə edirdi».


Hələ bölgəyə son səfərləri ərəfəsində həmsədrlər bəyan etmişdilər ki, əgər onların təklifləri qəbul edilməsə onda tərəflərin özündən təklif gözləyəcəklər. Rauf Mirqədirov deyir ki, həmin fikirlərə isə təklifləri qəbul edilməyəcəyi təqdirdə tərəflərə təzyiq mexanizminin işə düşəcəyinə işarə kimi baxmaq lazımdır. Onun sözlərinə görə, əgər həmsədr ölkələr Qarabağ münaqişəsinin həlli istiqamətində təzyiqləri artırarsa tərəflər həqiqətən də öz mövqelərindən geri çəkilməli olacaqlar.
Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazova görə isə, həmsədr ölkələrin indilikdə heç də hamısı Qarabağ münaqişəsinin həllində eyni səviyyədə maraqlı deyil. O, hesab edir ki, Azərbaycan regionda şəraitin dəyişməsini gözləmədən bir sıra ciddi addımlar atmalıdır. «Azərbaycan özünə münasibətin dəyişməsini istəyirsə, regionun güclü ölkələrindən birinə çevrilməyi bacarmalıdır. Ordu quruculuğu başa çatdırılmalıdır. Həm ölkənin siyasi, həm də iqtisadi həyatında islahatlar həyata keçirilməlidir, korrupsiyaya qarşı ciddi şəkildə mübarizə aparılmalıdır».


Azərbaycandakı bəzi təhlilçilər isə həmsədrlərin geniş tərkibdə regiona bu dəfəki səfərlərinə prezidentlərin iyuna planlaşdırılan görüşünə hazırlıq işləri kimi baxırlar. «Qafqaz» Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli deyir ki, əgər xarici işlər nazirlərinin qarşıdakı görüşlərində irəliləyişlər əldə edilərsə prezidentlərin görüşü müəyyən əhəmiyyət kəsb edəcək.


Hər halda, yerli təhlilçilərə görə, sülh razılaşmasının əldə edilməsi ilk növbədə tərəflərin mövqelərinin yaxınlaşmasından asılıdır. Onların mövqelərinə görə, bu günlər Azərbaycan və Ermənistan rəsmilərinin verdikləri bəyanatlar isə hələ ki, belə bir yaxınlaşmanın olmadığından xəbər verir. Azərbaycanda səslənən bəyanatlarda yenə işğal altında olan ərazilərin boşaldılması, Ermənistanda səslənən bəyanatlarda isə Dağlıq Qarabağın statusunun bəri başdan məlum olması məsələsi önə çəkilir…