Bakıda «Güney Azərbaycan Hərəkatına Dəstək» Şurası yaradılıb

Bakıda yeni təşkilat - «Güney Azərbaycan Hərəkatına Dəstək» Şurası yaradılıb. Şuranı Bütöv Azərbaycan Birliyi, Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Azərbaycanda yaşayan İran azərbaycanlılarının bəziləri təsis ediblər. Dünya Azərbaycanlıları Konqresinin Mətbuat katibi Əli Nicat «Azadlıq» radiosuna deyib ki, Şuranı yaratmaqda məqsəd İranda yaşayan azərbaycanlıların etiraz aksiyasına dəstək üçün Bakıda da tədbirlər keçirməkdir. Cənab Nicatın sözlərinə görə, bazar ertəsi keçirilən tədbirdə ictimai-siyasi təşkilatların iştirakıyla İranda baş verənlərlə bağlı dəyirmi masa keçirilməsi qərara alınıb: «Əsas məqsəd yaxın günlərdə keçirmək istədiyimiz ümumbakı mitinqinin vaxtını müəyyənləşdirməkdir».


Ə.Nicatın sözlərinə görə, aparılan müzakirələrdən sonra «Güney Azərbaycan Hərəkatına Dəstək» Şurası mitinqin keçirilmə yeri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Belə bir aksiyanın keçirilməsində hər hansı qanunsuzluq görmədiklərini deyən cənab Nicata görə, onlar Bakı meriyasının bu tədbirə icazə verəcəyinə əmindirlər: «Bu, hamımızın dərdidir, təkcə güneylilərin və ya quzeylilərin problemi deyil».


Yeni yaradılan Şuraya yerli təşkilatların da qoşulduğunu deyən Əli Nicata görə, bu proses davam etməkdədir.


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi isə İranda azərbaycanlılarla bağlı baş verənlərə hər hansı münasibət bildirməyə hazırlaşmır. Komitə İranda baş verənləri bu ölkənin daxili işi hesab edir.


İranda yaşayan azərbaycanlılar rəsmi «İran» qəzetində dərc olunan karikaturanı özlərinə qarşı təhqir hesab edərək bir neçə gündür ki, etiraz aksiyaları keçirirlər.