Gənc rəssamların sərgisi açılıb

Sərgidə 200-dən çox əsər nümayiş olunur

BDU-da bayram şənliyi


Ötən həftə Bakı Dövlət Universitetinin tələbələri 28 may Respublika gününü qeyd etdilər. Oxuyan da, rəqs edən də, şer deyən də elə tələbələrin özləri idi. İordaniyalı, sudanlı, türkiyəli tələbələr də təbrikə gəlmişdilər.


“Sonra sabah”


İyunun 1-i Beynəlxalq Uşaq Günü münasibətilə Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların “Sonra sabah” adlı rəsm sərgisi açılır. Sərgidə bir neçə ay bundan əvvəl elan olunmuş müsabiqəyə təqdim olunan 200-dən çox əsər nümayiş olunur.


Rəssamlar İttifaqının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ənvər Qarayev:


«Bu il Üzeyir Hacıbəyovun 120, Rəşid Behbudovun 90, “Arşın mal alan” filminin çəkilişinin 60 illiyi tamam oldu. Müsabiqə - sərginin də mövzusu bununla bağlıdır. Müxtəlif janrda – qrafika, tətbiqi sənət, rəngkarlıq və başqa janrlarda 200-ə yaxın rəsm əsəri sərgilənir».


Ənvər Qarayev deyir ki, sərgilənən əsərlərin kataloqu da dərc olunub. Sərgi iyunun 4-dək davam edəcək və hər kəs üçün açıqdır.


«Rus dili» gecəsi


Mayın 29-da Bakı Dövlət Universitetinin Azərbaycan bölməsində təhsil alan tələbələr “Veçer russkoy reçi” adlı gecə keçirdilər. Tədbirdə tələbələr rus ədəbiyyatından şerlər deyir, rus estradasından mahnılar oxuyur və rusca səhnələr göstərirdilər. Özlərinin dediklərinə görə, belə tədbirlər təşkil etməkdə məqsədləri rus dilində danışıq qabiliyyətlərini təkmilləşdirmək, dünyagörüşlərini artırmaqdır.


DİNLƏYİN!