«25 min avro gözümün müalicəsinə bəs eləmir»

Mahirə Muradova. Foto: Media Forum

«25 min avro gözümün müalicəsinə bəs eləmir». Bunu «Azadlıq» radiosuna 2003-cü ilin 16 oktyabr hadisələri zamanı polis zorakılığına məruz qalan Mahirə Muradova deyir. Onun sözlərinə görə, prezident seçkisinin ertəsi günü «Azadlıq» meydanındakı mitinq dağıdılan zaman ciddi xəsarət alıb. Polislərin vurduğu zərbələr nəticəsində sağ gözü görmə qabiliyyətini tamam itirib. Mahirə xanım baş vermiş olayla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Ona dəymiş mənəvi ziyana görə 850 min manat təzminat tələb edib. Amma Avropa Məhkəməsi Azərbaycanın 25 min avro təzminat ödəməsinə qərar verib. Mahirə Muradova bu qərardan narazı qaldığını deyir:

«Məruq qaldığım o işgəncələrin müqabilində belə ucuz qiymətləndirilməyim mənə çox ağır təsir edir. 850 min manatı boş yerə tələb eləməmişəm. Dünyanın aparıcı göz klinikalarının qiymətləri ilə maraqlandım. Məlum oldu ki, görmə qabiliyyətimin bərpası üçün bu qədər məbləğ lazımdır. O pul mənim gözümün bərpasının qiyməti idi».

Avropa Məhkəməsinin qərarı ilə razılaşmayan Mahirə Muradova yenidən məhkəməyə müraciət etmək fikrindədir:

«Avropa Məhkəməsinin Üst Palatasına müraciət eləmək fikrindəyəm. Yəni, Azərbaycanı o qədər ucuz tuturlar ki, 25 min avro verib, deyirlər ki, kor qal? Düzdür, hələ müddəalarla tam tanış olmamışam. Bəlkə Avropa Məhkəməsi Azərbaycan dövlətinin qarşısında tələb qoyub ki, mənim müalicəmlə pulsuz məşğul olsun? Bu barədə hələ dəqiq məlumatım yoxdur. Təsəvvür edin, gözümdən axan mayenin doldurulması İngiltərənin göz klinikasında 120 min funt sterinqə başa gəlir. Adi mayenin qiyməti budur. Yəni, mən fantastik məbləğ deməmişəm. Müalicəmin real qiymətini demişəm».

Mahirə Muradova deyir ki, polis dəyənəyinə tuş gəlməyincə, gözündə heç bir problem olmayıb. Hətta göydə uçan quşun gözünü də görürmüş. İndi isə vəziyyəti çox pisdir. Mahirə xanım bunun günahını Göz Xəstəlikləri İnstitutunun həkimlərində görür:

«Əgər həmin gün gözümü əməliyyat etsəydilər, indi bu vəziyyətə qalmazdı. Məni Göz Xəstəlikləri İnstitutundan qovdular. Prezident Aparatından deyiblər ki, bu adam burda müalicə almamalıdır. Əli İnsanov deyib ki, qovun onu. Bunu mənə oranın həkimi dedi. Dedi ki, sizə baxanda xəcalət çəkirəm. Sonra Vurğun Əyyubun xahişi ilə, Paşa Qəlbinur gözümü müalicə edirdi. Lakin o da məni diplomatik dillə qovdu».

Oftalmoloq və şair Paşa Qəlbinur isə «Azadlıq» radiosuna açıqlmasında Mahirə Muradovanın sözlərinin həqiqətəuyğun olmadığını dedi:

«Balalarımın canı, elə olmayıb. Dəqiq yadımdadır, Mahirə Muradovanın gözündə müəyyən zədə vardı, ümidsiz halda gəlmişdi yanıma. Gözündəki qızartıya, ağrıya qarşı müalicə yazdım.
İsaxan Aşurov
Əvvəlcədən dedim ki, çarəsi yoxdu, gözü görməyəcək. On dəfə gəldi-getdi, hörmətə qəbul elədim, müalicə elədim. Mənə heç kim təzyiq eləməyib, eləyə də bilməz».

«Avropa Məhkəməsinin qərarının yalnız ədalətli kompensasiya ilə bağlı olan hissəsi xanım Muradovanı qane eləmir. Bütövlükdə isə qərar çox normaldır». Bunu isə vəkil İsaxan Aşurov deyir.

Vəkilin sözlərinə görə, Avropa Məhkəməsi 4-cü məhkəmə instansiyası deyil:

«Avropa Məhkəməsi bir şəxsin konvensiya əsasında malik olduğu hüquqların pozulub-pozulmaması məsələsini öz yurisdiksiyası çərçivəsində araşdırır və bu pozuntulara adekvat, ədalətli kompensasiya təyin eləyir. Yəni bu kompensasiya çıxarılan gözün qarşılığı deyil, o cür şəkildə qiymətləndirilə bilməz. Xanım Muradovaya bu zədəni yetirən şəxs və yaxud şəxsin mənsub olduğu dövlət öz milli məhkəmələri vasitəsilə onun tələb etdiyi kompensasiyanı ödəməlidir. Zənnimcə, Avropa Məhkəməsinin bu qərarından sonra belə bir araşdırma aparılacaq və xanım Muradova bu tələbləri müstəqil şəkildə irəli sürəcək».

İsaxan Aşurov deyir ki, Mahirə Muradova nümayişçilər dağıdılarkən itələmə nəticəsində yerə yıxılıb. Bu zaman dəbilqəli polis əməkdaşı heç bir zərurət olmadan dəyənəklə vurub, onun gözünü çıxarıb:

«Əslində, bu, biabırçı bir iş idi. İşlə əlaqədar Muradova dərhal yaxınlıqdakı 259 saylı aptekə aparılıb. Göz çıxmış vəziyyətdə olduğundan sonra onu Musa Nağıyev, ordan isə Göz Xəstəlikləri İnstitutuna aparıblar. Orada göz almacığının çıxması müəyyənləşdirilib, qısa müddətli müalicədən sonra o, evə buraxılıb. Zərərçəkən yetərli müalicə ala bilməyib. Bu gün də əslində, onun müalicəsini tam hesab etmək olmaz. Sağ gözünün almacığının olmaması artıq sol gözünün də görmə qabiliyyətinin zəifləməsinə səbəb olub».


Polis zorakılığına məruz qalmış Mahirə Muradovanın məsələsi ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək istədik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu hadisə barədə məlumatsız olduğunu, Mahirə Muradovanın adını ilk dəfə bizdən eşitdiyini dedi.