BMT-nin Təhlükəsizlik Şurası təcili yığışır

Obama deyib ki, Pxenyan Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, özünü BMT-dən təcrid edir

Günün sonunda BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyanın keçirdiyi raket sınağıyla bağlı təcili içlas gözlənilir.

İclasın keçirilməsini Birləşmiş Ştatlarla Yaponiya təklif edib.

Cənubi Koreya prezidentinin sözçüsü Li Donq Kvan sınağın dünyaya təhlükə olduğunu deyib:

,, Biz şimalın bu ehtiyyatsız hərəkətindən məyus olmaya bilmərik.
Bu Koreya yarımadası və dünyaya ciddi təhlükədir "

ABŞ prezidenti Barak Obama Şimali Koreyanın bu addımını fitnəkarlıq adlandırıb, bunun Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu deyib.

Rusiyayla Çin isə sakitliyə, səbirli olmağa çağırıb.

Raket təxminən Bakı vaxtıyla 07:30 dəqiqədə buraxılıb.

Yaponiya deyir ki, raket onun ərazisindən keçərək Sakit okeana düşüb və o raketi vurmağa cəhd göstərməyib.

Pxenyan raketin kosmosa rabitə peykləri daşıdığını və sınağın uğurlu olduğunu deyir.

Birləşmiş Ştatlar,Yaponiya və Cənubi Koreya isə hesab edirlər ki, söhbət uzaq mənzilli balistik raketin sınağından gedir.