«Hərbi komissarlıqlar tibbi komissiya kimi fəaliyyət göstərəcək»

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu

«Üç nöqtə»: Həqiqi hərbi xidmətə çağırışın həyata keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Çağırışçıların hərbi hissələrə bölüşdürülməsi hərbi komissarlıqlardan alınaraq Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinə (TSİ) verilib. Həqiqi hərbi xidmətə çağırışı həyata keçirəcək Respublika Çağırış Komissiyasının tərkibi dəyişdirilib.

Yeni dəyişiklikdən sonra həqiqi hərbi xidmətə çağırışın həyata keçirilməsi ilə bağlı vəziyyətə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu münasibət bildirib.

«Həqiqi hərbi xidmətə çağırışda dəyişiklik edilməsində əsas məqsədin Prezidentin hərbi çağırışla bağlı fərmanlarının lazımi tərzdə icrasına nail olmaqdır. Müdafiə Nazirliyi çalışır ki, fərmandan irəli gələn tələblər yüksək səviyyədə həyata keçsin, komplektləşdirmədə qüsurlara yol verilməsin».

«- Çağırışçıların tibbi müayinədən keçməsi bundan sonra necə aparılacaq?
- Çağırışçıların tibbi komissiyadan keçməsi yenə də hərbi komissarlıqlar tərəfindən aparılacaq. Bundan sonra siyahılar Müdafiə Nazirliyinə göndəriləcək. Müdafiə Nazirliyi isə komplektləşdirməni və paylaşdırmanı aparacaq».

«Bizim yol»: «Hesab edirik ki, cəmiyyətin elektoral potensialının səfər edilməsi, müqavimət gücünün artırılması, söz və mətbuat azadlığının hakimiyyətin tam nəzarətinə keçməsinin qarşısını almaq üçün müxalifətin daha geniş birliyi və məhsuldar əməkdaşlığı lazımdır. Bu, bizim prinsipial mövqeyimizdir». AXCP sədrinin müavini Fuad Mustafayev belə deyir.

F.Mustafayev deyib ki, son dövrlər müxalifətin fəaliyyətində müsbət çalarlar mövcuddur və bunun qabardılması olduqca əhəmiyyətlidir: «Prezident seçkilərində müxalifətin həlledici hissəsinin vahid mövqedən çıxış etməsi, 18 mart referendumu ilə bağlı siyasi partiyaların və vətəndaş cəmiyyətlərinin bir yerdə olması, birlik nümayiş etdirməsi müsbət tendensiyalardır. Növbəti mərhələdə aparıcı müxalifət partiyaları bələdiyyə seçkilərində birgə iştirak etmək əzmini nümayiş etdirib».

«Yeni Azərbaycan»: İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda iştirak edən İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Əbdüləziz bin Osman əl-Tüveycri Leyla Əliyevanı İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilməsi münasibətilə təbrik edib, gənclərin forumunda onun fəaliyyətini yüksək qiymətləndirib.
Leyla Əliyeva Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, xüsusilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərdən danışıb».