Moldovada müxalifət 2 qələbə qazandı

Yerli müşahidəçilər sakitliyi həbslərlə izah edirlər

Moldova müxalifəti bu gün ilk qələbəsini qazandı - Mərkəzi Seçki Komissiyası səsverməni göstərən siyahılarla müxalifətin tanış olmasına razı oldu.

Bu, müxalifətin əsas tələblərindən biri idi. Çünki müxalifət hakimiyyəti ittiham edir ki, dolanışıq dalınca xaricə getmiş on minlərlə moldavalının yerinə səs verilib.

Müxalifətin tələbi ilə razılaşmamışdan bir az əvvəl isə MSK bazar günü keçirilmiş seçkilərin rəsmi nəticələrini elan edib. Seçkiləri hakimiyyətdə olan kommunistlər qazanıb. Onlar 101 yerlik parlamentdə 60 səs əldə ediblər. Bu, çoxluqdur. Ancaq MSK-nın bazar ertəsi elan etdiyindən bir yer azdır.

Bu kiçik fərq müxalifətin ikinci qələbəsi hesab oluna bilər. Çünki indiki prezident Vladimir Voronindən sonrakı prezidenti məhz bu parlament seçməlidir. Bunun üçünsə, kommunistlərə 61 səs lazımdır. 60 səs yığan kommunistlərə indi əlavə bir səs də lazım olacaq. Moldova konstitusiyasına görə, artıq iki dəfə prezident seçilən Voronin üçüncü dəfə prezident ola bilməz.

Qərbpərəst üç əsas müxalifət partiyası səslərin 30 faizini yığıb. Ancaq müxalifət iddia edir ki, saxtakarlıq olmasaydı, onlar qat-qat çox səs yığardılar.

Artıq iki dəfə prezident seçilən Voronin üçüncü dəfə prezident ola bilməz
Seçki saxtakarlıqlarına etirazlarda çərşənbə axşamı 270 adam yaralanıb, bir nəfər isə ölüb, ancaq bu gün sakitlikdir. Nümayişin əlamətləri görünmür. Ancaq bütün bunlar vəziyyətin gərgin olmaması anlamına da gəlmir.

Yerli müşahidəçilər sakitliyi həbslərlə izah edirlər. Məlumatlara görə, təhlükəsizlik qüvvələri etiraz aksiyalarının təşkilatçılarını Rumıniyaya casusluqda ittiham edib, tuturlar.

Voronin etirazların təşkilində qonşu Rumıniyanı ittiham edir. Bu da Rumıniya ilə diplomatik problem yaradıb.

Moldova nəinki Rumıniya səfirini ölkədən çıxarıb, hətta Avropa Birliyinin üzvü olan bu ölkəyə birtərəfli viza rejimi də tətbiq edib. Sərhədlər bağlanıb, yalnız bəzi şəxsləri seçib, buraxırlar.

Buxarest və Moldova müxalifəti rəsmi Kişinyovun ittihamlarını rədd edirlər. Moldovanın Liberal Demokrat Partiyasının lideri Vlad Filat deyir: «Rumıniyanın ittiham olunması məsuliyyətsiz bəyanatdır. Rumıniyanın Avropa Birliyinin üzvü olmasını hakimiyyət unudur».