«Yeni Müsavat» qəzeti: «16 aprel yolayrıcı - Azərbaycan Rusiyaya, Türkiyə Yerevana...» Aprelin 16-sı, belə görünür ki, Cənubi Qafqaz regionu ətrafında gedən geosiyasi proseslərdə kritik gün olacaq. Çünki həmin gün Türkiyə Xarici İşlər naziri Əli Babacanın Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq adı altında Yerevana gedəcəyi gözlənilir... Azərbaycan prezidenti İlham Əliyev isə məhz həmin gün rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə Moskvaya getməlidir. İ. Əliyevin Moskvaya səfərinin məqsədi haqda məlumat verilmir. Belə xəbərlər var ki, İ.Əliyevdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya dəvət olunacaq. Mayın 7-də isə Praqada Sarkisyanla Əliyev arasında görüş olacağı gözlənilir. Ötən gün Sarkisyanın həmin görüşə razılıq verdiyi məlum olub. Türkiyə Xarici İşlər nazirinin aprelin 16-da Yerevana, Azərbaycan dövlət başçısının isə Moskvaya hazırlaşması regionda gedən proseslərin mahiyyətini başa düşə bilmək üçün mühüm detaldır. Çünki Azərbaycan Türkiyənin Ermənistanla sərhədlərini açmasına cavab olaraq enerji məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyi haqda mesaj verib. Artıq Rusiya ilə Azərbaycan arasında bu məsələyə dair anlaşma memorandumu da imzalanıb. Eyni zamanda sirr deyil ki, Türkiyənin Ermənistanla sərhədlərini açması Rusiyanın maraqlarına uyğundur, çünki bu zaman Rusiyanın Cənubi Qafqazdakı hərbi müttəfiqinin mövqeləri güclənəcək. Lakin digər tərəfdən, Rusiya ehtiyat edir ki, sərhədlərin açılması Ermənistanın Türkiyənin və nəticədə Qərbin təsiri altına düşməsinə aparıb çıxara bilər. Bu üzdən Kreml sərhədlərin açılması məsələsinə ehtiyatlı yanaşır və demək olmaz ki, Rusiyanın bu məsələdə birmənalı siyasəti var. Öz növbəsində, Türkiyə Ermənistanla münasibətlər qurulmasına dair səylərini Rusiya ilə uzlaşdırır. Bu yaxınlarda prezident Abdullah Gül Moskvada səfərdə olub. Rəsmi Ankara Cənubi Qafqazda Moskva ilə ortaq şəkildə nüfuz dairəsi formalaşdırmaq ideyasını reallaşdırmaq istəyir. Ermənistanla sərhədləri açmadan və Rusiya ilə anlaşmadan bunu etmək isə mümkün deyil. Ona görə də İ.Əliyevin aprelin 16-da Moskvada, Babacanın isə Yerevanda aparacağı danışıqların regiondakı mürəkkəb oyunun taleyini müəyyən edəcəyi istisna deyil. |
«Bizim Yol» qəzeti: «Böhran Azərbaycanda 6 min nəfəri işsiz qoyub» …Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev qeyd edib ki, Azərbaycanda fəaliyyətini dayandırmış müəssisələrin dəqiq sayı hələ müəyyənləşdirilməyib: «Ancaq yanvar-fevral ayının nəticələrinə görə, işçilərin sayı 6 min nəfərə qədər azalıb. İş yerini itirməyin səbəbləri müxtəlifdir. Bəzi müəssisələr işçilərini məzuniyyətə göndərib, bir qismi isə ümumiyyətlə, səbəb göstərmədən işçiləri buraxıb. Öz iş yerini itirmiş işçilərin sayının artacağı da istisna deyil. Çünki son üç ayda iş yerlərinin itirilməsi barədə məlumatlar hələ dəqiqləşdirilməyib. Bu məlumatlar ilin birinci rübünün nəticələri açıqlananda elan olunacaq. Hazırda bölgə və müəssisələrdən toplanmış məlumatlar hesablanır və yəqin ki, birinci rübdə işlərini itirənlərin dəqiq sayı yaxın günlərdə prezidentin iştirakı ilə Nazirlər Kabinetinin iclasında açıqlanacaq». |
«Yeni Azərbaycan» qəzeti: «AFFA orta məktəblərdə futbol seminarı keçirir» AFFA ölkədə futbolun kütləviliyinin artırılması, təbliğinin gücləndirilməsi, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması məqsədilə yeni tədbirlər həyata keçirməyi planlaşdırıb. Assosiasiyanın əməkdaşları, futbol ictimaiyyətinin tanınmış nümayəndələri orta ümumtəhsil müəssisələrində seminarlar keçirərək, futbol barədə şagirdlərə ətraflı məlumat verəcəklər. İlk belə tədbir aprelin 13-də saat 11:00-da Səbail rayonundakı 51 saylı orta məktəbin 5-ci sinif şagirdləri üçün təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev şagirdlərlə futbol barədə söhbətlər aparacaq, Azərbaycan futbolunun tarixi barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaqlar. Futbolun təbliği və uşaq futbolunun inkişafı ilə əlaqədar hazırlanan videoçarxın nümayiş etdiriləcəyi tədbirdə şagirdlərə AFFA-nın aksesuarları və top hədiyə olunacaq. |