Gəlirlər, baxırlar, gedirlər...

113 saylı peşə liseyinin yataqxanası olmuş bu binada indi evsiz-eşiksiz lənkəranlılar yaşayır

Lənkəranda 8 ailə yaşadıqları binanın içində çətirlə gəzir. Yağış yağanda onların evi ilə küçənin bir o qədər də fərqi olmur.

«Keçən ay leysan yağışlar yağırdı, ağlayırdıq gecə səhərə qədər. Suyun altında çətirlə o yana bu yana qaçırdıq. Yağış yağanda həmişə belə olur.

-İki uşaqla qalmışıq burda. Su axır başımıza. Bilmirəm çarpayını hara qoyum ki su gəlməsin.

-İnanırsınız, balışı, yorğanı götürüb ora-bura qaçırıq yağış yağanda. Dəhlizə elə bil leysan olur».

1990-cı ilə qədər Lənkəranda 113 saylı peşə liseyinin yataqxanası olmuş bu binada indi evsiz-eşiksiz lənkəranlılar yaşayır. Özlərini buranın yerli qaçqınları adlandıran vətəndaşları bu binaya Əlikram Hümbətov yerləşdirmişdi.

«Bunlar çöldəydilər. Dəniz qırağında adamların evləri vardı, su basdı, küçələrdə qalırdılar. Köçürdü onları bura».

Bir neçə il sonra isə tələbə yataqxanasına Qarabağdan olan qaçqınlar gəldilər. Torpaq sahəsi alan aldı, köçdü öz evinə, dolanmağa pulu olmayanlar isə hələ də daşı-divarı tökülən binada yaşamağa məcburdurlar. Binanın uçması üçün isə elə güclü zəlzələyə gərək yoxdur…

Kirayələrdə qala-qala yataqxanaya gəlib çıxan Nərgiz Məmmədova 8 ildir burda yaşayır. Deyir ki, qaçqınlar bura köçürüləndən sonra boş otaqların pəncərəsini, qapısını söküb sobada yandırmağa başladılar:

«Hərə bir balta götürdü əlinə, dillənə də bilmədik. Heç onları qınamaq lazım deyil. Qaz yox, istilik yox, odunun metri 10 manata idi, nə etməli idilər ki? İstər-istəməz binanı aşağıdan yuxarıya sökməyə başladılar.
İcra hakimiyyətinə gedəndə dedilər ki sən qaçqınsan bəyəm? Dedim mən qaçqından beş-betər yaşayıram».

Nərgiz Məmmədova deyir ki, evi ancaq elektrik sobasıyla isidirlər. Onu da qorxa-qorxa:

«Qaz-maz heç nə yoxdur, bir dənə işıqdır. O da nə qədər yazdı pulun verməlisən. İşığı da yandırmırıq, gəlirlər ki tez pulu ver».

Xavər Cabbarovanın corabları döşəməyə ilişməkdən cırıq-cırıq olub. Onun otağında taxta döşəmənin qənimi siçovullardır. Onlarla yeganə mübarizə üsulu isə deşiklərə daş basmaqdır:

«Hər tərəfdən siçovullar çıxır. Bax görürsünüz, bura dəmir tikmişəm. Mənim uşağım 3 yaşında olandan burdayam. İndi 18 yaşı var. Onun üçün qız da almışam.
Bilmirəm heç hara gətirim».

Bu binanın başqa bir özəlliyi ondan ibarətdir ki, burda nə hamam var, nə də tualet. 8 ailənin təbii ehtiyaclarını ödəmək üçün köməyinə gələn boş dəmir yağ qutuları olur. Binanın aşağısındakı zibil yığını elə bu cür qutulardır.

Bina sakinləri Lənkəran İcra Hakimiyyətinə öz durumlarıyla bağlı dəfələrlə müraciət etdiklərini deyirlər:

«Yüz dəfə gəliblər bura, nə ediblər ki? İcra hakimiyyətinə o gün getmişdim. Gəldilər, baxdılar, getdilər…»

Lənkəran İcra Hakimiyyətindən «Azadlıq» radiosuna bildirdilər ki, həmin şəxslərə torpaq ayrılıb, amma çıxıb getmirlər:

«1993-cü ildə hərc-mərclikdə verdilər camaata yaşasınlar. Orda cəmi 4 nəfər var, onlara da torpaq ayırıblar, çıxıb getmirlər torpaqlarına. Hər birinin Lerikdə ayrıca evi var, hər birinin ata evi var. Niyə çıxıb getmirlər?

Biz evi ancaq şəhid ailələri, Qarabağ əlilləri üçün tikirik.
Təqaüdçüdür, təqaüdünü alır, iş qabiliyyəti var, işləmir. Bundan artıq nə edilməlidir onlar üçün?»

Əli hər yerdən üzülən bu sakinlər Bakıya da şikayətlərini yazıblar. Cavab isə yoxdur. Sözlərini prezidentə çatdırmaq üçün onun Lənkərana səfərini də gözləyirlər. Amma deyirlər ki, bu da mümkün deyil. Çünki:

«Bura gətirmirlər prezidenti, görər binanı. Lənkərana gələndə başqa yolla aparırlar, buranı göstərmirlər».