Saat 15-00-da borclu abonentlərin işığı kəsiləcək

Tanrıverdi Mustafayev deyir ki, paytaxtdakı borclu abonentlərin sayı 6 minə yaxındır

Aprelin 13-ü saat 15-00-dan borclu abonentlərin işığı kəsiləcək. «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, artıq bundan ötrü 200-dək əməkdaş ayrılıb:

«İşıqpulunu vaxtında verməyənlərin qısa zamanda borcu ödəmələri məsləhətdir. Çünki işıq kəsiləndən sonra onun bərpası problemi yaranır. Buna işə 2-3 gün vaxt sərf edilir».

Onun sözlərinə görə, paytaxtdakı borclu abonentlərin sayı 6 minə yaxındır. Məbləğin nə qədər olmasını isə demək mümkün deyil. Çünki göstərici hər gün dəyişir.

Tanrıverdi Mustafayev deyir ki, hazırda borcların sürətlə ödənilməsi müşahidə olunur. Belə getsə, verilən vaxt bitənədək borclu abonentlərin sayında irəliləyiş ola bilər. Ancaq son imkandan istifadə etməyənlərə güzəşt olunmayacaq.

«Bakıelektrikşəbəkə maksimum çalışır ki, bu prosesdən borcu olmayan abonentlər zərər çəkməsin. Təəssüf ki, bəzən belə hallar olur. Ancaq tez də aradan qaldırılır»-, deyə T.Mustafayev bildirib.