AQO qrupunun Bakıda görüşləri davam edir

Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Komitəsi Bakıda səfərdədir. Missiyanın məqsədi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsini araşdırmaqdır.


Avropa Şurasının Bakıdakı İnformasiya Ofisindən verilən məlumata görə, iyunun 13-də komitə üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azadlıq bloku liderləri ilə görüşüb.


Səfərin gündəliyində dəyişiklik edilib. Belə ki, prezident İlham Əliyevlə görüş iyunun 14-ə nəzərdə tutulsa da, bu günə keçirilib. İyunun 14-də mətbuat konfransı nəzərdə tutulmuşdu, ancaq bu tədbirin keçirilməsi də ölkə başçısıyla bugünkü görüşün nəticələrindən asılı olacaq. AQO qrupu üzvləri yerli hüquq müdafiəçiləri ilə də görüşəcəklər.


İyunun 26-dan 30-dək AŞPA-nın növbəti sessiyasında Azərbaycanın bu qurum qarşısında öhdəliklərinə dair qısa hesabat dinlənəcək.