Azərbaycanın xarici işlər nazirinin müavini Yerevana gedib

Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin növbəti toplantısı keçirilir.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev toplantıyla əlaqədar aprelin 15-dən Yerevandadır.

Xarici İşlər Nazirliyindən Azadlıq Radiosuna deyiblər ki, məhz sədrlik Azərbaycana keçdiyinə görə nazir müavini Yerevandakı tədbirə qatılır.

Türkiyənin xarici işlər naziri Əli Babacan isə aprelin 16-da Ermənistana gedəcək.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, o, Yerevana Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərini dəvət eləyib.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı aprelin 16-da başa çatacaq.