«Tapşırmışam ki, həmin əsərlər mən öləndən sonra çap edilsin»

Sabir Əhmədli

«Evdə demişəm ki, bu romanlar mənim sağlığımda çap olunmayacaq. Bu yaşımda mübahisə obyektinə çevrilmək istəmədiyim üçün tapşırmışam ki, həmin əsərlər mən öləndən sonra çap etdirilsin. Çünki çox ciddi mübahisə törədə bilərlər. Nəinki qələm yoldaşlarım, heç evdə də bilmirlər bunlar nədir».

Xalq yazıçısı Sabir Əhmədli bu sözləri «Azadlıq» radiosunun «Tanınmışlar» proqramına müsahibəsində deyib.

Aprelin 17-də Azərbaycanın xalq yazıçısı, Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

Sabir Əhmədli 1930-cu ildə iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Uzun illər «Ədəbiyyat və incəsənət» qəzetində çalışıb.

«Toğana» (1981), «Yasamal gölündə qayıqlar» (1984), «Gedənlərin qayıtmağı, dünyanın arşını» (1985), «Kütlə» (1999), «Axirət sevdası» (2003), «Şəhid ruhu» (2004) və s. kitabların müəllifidir.