Türkiyə XİN-i diplomatlar arasındakı insidenti təkzib edir

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti ötən həftə Yerevanda keçirilib

«Bu, yabançı bir qəzetə istinadən yayımlanan və həqiqətdən kənar sözlərdir».

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevlə Türkiyə Xarici İşlər naziri Əli Babacan arasında insdent yaranması haqqında yayılan məlumata cavab olaraq yaydığı açıqlamada belə deyilir.

Əli Babacan özü isə yerli mətbuata verdiyi açıqlamada yaranmış bütün şayiələrə aydınlıq gətirib:

«Azərbaycanlı nazir müavini ilə aramızda yaranmış insdent haqqında çıxan xəbərlərə əhəmiyyət verib, ciddiyə almayın».

Ermənistana məxsus saytlar Yerevanda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Mahmud Məmmədquliyevlə Əli Babacan arasında insdent yaranması haqqında geniş material dərc edib. Məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanla görüşə tələsən Ə.Babacanı M.Məmmədquliyev salonda gecikdirib. Babacanın qulağına nə isə pıçıldayan Məmmədquliyevə isə görüşə tələsən Babacan salonun çıxış qapısını göstərib.

Məlumata görə, həmkarının kobud rəftarından hiddətlənən Mahmud Məmmədquliyev özünü itirərək salonun yox, tualetin qapısına yaxınlaşıb. Bu isə salondakıların gülüşünə səbəb olub: «Əli Babacan da salondakılara qoşularaq Mahmud Məmmədquliyevə gülüb».

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti ötən həftə Yerevanda keçirilib.