«Deputatın evinə basqın edilib»

Milli Məclisin deputatı Gülər Əhmədova

«Azadlıq»: Milli Məclisin deputatı Gülər Əhmədova öz mənzilində naməlum şəxslərin hücumuna məruz qalıb. Hüquq-mühafizə orqanlarından bu barədə «Azadlıq»a verilən məlumata görə, hadisə bazar günü axşam saat 20-21 radələrində baş verib.

Deputatın Xətai rayonu, S.Hümbətov küçəsindəki 80 saylı evdə yerləşən mənzilinə iki naməlum qadın daxil olub. Həmin vaxt Gülər Əhmədova özü də evdə olub. Mənzildə deputatla naməlum qadınlar arasında mübahisə baş verib. Az sonra mübahisə əlbəyaxa davaya çevrilib. Məlumata görə, qadınlar Gülər Əhmədovaya xəsarət yetiriblər.

Hadisədən dərhal sonra xanım deputat baş verənlər barədə ərazi üzrə Xətai rayonu 37-ci polis bölməsinə məlumat verib. Şikayətçi Gülər Mikayıl qızı Əhmədovanın şikayəti əsasında artıq Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində faktla bağlı cinayət işinin başlandığı bildirilir.

Maraqlıdır, Gülər Əhmədova tanımadığı şəxsləri niyə mənzilinə buraxıb? Baş verənlərlə əlaqədar Gülər Əhmədovanın mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Gülər Əhmədova isə məsələ ilə bağlı danışmaq istəməyib. Millət vəkili «Lent.az»ın əməkdaşının sualına faktı nə təsdiq, nə də təkzib edib: «Əl çəkin məndən, yasım var».

«Yeni Müsavat»: Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Milli Məclisin hər hansı bir şəkildə təsir imkanlarının olmadığını deyir:

«Amma ürəyi boşaltmaqla iş bitmir, həm də nəzarət etmək, ölkədə icra strukturlarının fəaliyyətinin ən azı düzgün istiqamətə getməsi üçün qanunverici mexanizmlə təsir imkanları müəyyənləşdirmək lazımdır. İndi bunlar yoxdur. Hökumətə təsir imkanı yoxdur, büdcənin formalaşmasına təsir imkanı isə minimuma bərabərdir. Hesablama Palatası vasitəsilə lazım olan orqanların büdcə vəsaitini necə xərcləməsini yoxlamaq formal xarakter daşıyır. Bütün bunlar da onu göstərir ki, Milli Məclis deputatının da verdiyi heç bir layihə müzakirəyə belə çıxarılmır. Yəni vəziyyət xoşagələn deyil».

«Bizim Yol»: Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov APA-ya müsahibəsində cəmiyyəti maraqlandıran bir sıra maraqlı məsələlərə aydınlıq gətirib. M.Kərimov etiraf edib ki, bir çox dissertasiyalar pulla yazılır: «İndi hər bir məmur, hətta millət vəkili alim olmaq istəyir. Ancaq özləri elmi-tədqiqat işi aparmağa qadir deyillər. Buna görə də dissertasiyaları pulla yazdırırlar».

Məsələyə ictimai diqqəti nəzərə alaraq rəsmi saytı vasitəsilə Milli Məclisin tərkibinə nəzər saldıq. Araşdırmamız zamanı məlum oldu ki, bir çox millət vəkillərinin elmi dərəcəsi var. Biz yalnız daim cəmiyyətin diqqətində olan və fəaliyyəti maraq doğuran deputatların adlarını qeyd etməyi zəruri saydıq. Məsələn, Cəlal Əliyevlə Abel Məhərrəmovun akademik, Nizami Cəfərovun, Bəxtiyar Əliyevin və Yaqub Mahmudovun akademikliyin bir addımlığında - AMEA-nın müxbir üzvü olduğunu bilməyən varmı? Eləcə də hamı bilir ki, Cəmil Həsənli, Nəsib Nəsibli və Fəzail İbrahimli tarix elmləri doktoru, professordur.

Artıq 14 ildir deputat olan digər Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da tarix elmləri doktoru, professordur. Həmişə adı Fəzail Ağamalı ilə qoşa çəkilən Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı iqtisad elmləri doktoru, professordur.
İxtisasca pediatr-hüquqşünas olan Məlahət İbrahimqızı tarix elmləri namizədidir. Amma o, öz ixtisası üzrə müdafiə etməyən yeganə millət vəkili deyil. Bu sırada Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da var. Naxçıvan Dövlət Universitetinin tarix və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Vasif müəllim iqtisad elmləri namizədidir.

YAP-ın rəhbər «üçlüyü» - Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov da elmlər namizədləridir; müvafiq olaraq fəlsəfə, tarix və siyasət üzrə».

«Azərbaycan»: «Bizim təklifimizdə məhz hazırda orada, Dağlıq Qarabağda yaşayan və gələcəkdə də yaşayacaq insanların təhlükəsizliyi öz əksini tapır; Dağlıq Qarabağın yerli özünüidarə məsələləri öz əksini tapır; Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələləri də öz əksini tapır. Dağlıq Qarabağın statusu haqqında qərar qəbul edilməsi qeyri-müəyyən vaxta təxirə salına bilər. İndiki halda biz Minsk qrupu həmsədrlərinin təklifini dəstəkləyirik».

Prezident İlham Əliyev Rusiyanın «Vesti» kanalına və İTAR-TASS agentliyinə müsahibəsində belə deyib:

«Münaqişənin nəticələrini aradan qaldırmaq lazımdır, Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağın inzibati sərhədindən kənarda yerləşən ərazilərdən də çıxarılmasına nail olmaq lazımdır. Biz Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqəyə malik olmağın erməni tərəfi üçün vacibliyini başa düşürük və bu məsələdə problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələlər elə səmərəli həll edilə bilər ki, həm bu gün Dağlıq Qarabağda yaşayanların, həm də münaqişənin həllindən sonra oraya qayıdacaq azərbaycanlı əhalinin kommunikasiya blokadasında qalmaq baxımından narahatlığı olmasın».