İ. Əliyev: «İşğal nəticəsində ərazidə cinayətlər böyük vüsət alıb»

«Azərbaycan torpaqlarının işğalı nəticəsində beynəlxalq transmilli cinayətkarlıq, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və digər cinayətlər bu ərazidə böyük vüsət alıb».

Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransına ünvanladığı təbrik məktubunda belə deyilir.

Prezident vurğulayıb ki, «bu, təkcə Azərbaycan yox, regionun bütün dövlətləri üçün böyük təhlükə mənbəyidir».

Prezidentin məktubunda bildirib ki, terrorçuluq, separatizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri kimi cinayətlər dövlətlərin birgə dinc yanaşı yaşamasına da təhlükə yaradır. Ona görə də ölkələrin bütün sahələrdə əməkdaşlığı zəruridir.

Konfrans hüquq-mühafizə sahəsində İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə yönəlib.

Aprelin 22-də başa çatacaq konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.