Obamanın təyyarəsi Nyu-York sakinlərini vahiməyə salıb

Amerika hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrin müşayiəti ilə Nyu-York üzərində alçaqdan uçan «Boinq-747» təyyarəsi bir çox şəhər sakinlərini qorxuya salıb. Bəzi adamlar hətta göydələnlərdəki mənzil və ofislərini tələsik tərk edərək təyyarənin uzaqlaşmasını gözləyiblər – onlar 11 sentyabr terrorunun təkrarlanmasından qorxublar.

Sonradan məlum olub ki, «Boinq-747» Amerika prezidenti Barak Obamaya məxsusdur. Təyyarə şəhərin mərkəzi hissəsinin, o cümlədən Manhettenin video çəkilişini aparırmış.

Sonradan Ağ Ev buna görə üzr istəyib. Deyib ki, şəhər rəsmiləri xəbərdar edilibmiş. Amma şəhər meri Blumberq deyib, məlumat polisə verilib, ona zəng etməyi unudublar. O bilsəydi, buna imkan verməzdi.