Vitse-spiker deputatı hədələdi

Valeh Ələsgərov: «Bu sözləri binadan kənarda deyərsən danışarıq»

«Şəhərdə xaosdur. Tikintiyə nəzarət yoxdur. Kim nə cür gəldi tikir. Biri vətəndaşlardan pul yığır 12 mərtəbəli bina tikir. Birdən müvafiq qurum gəlib dedi ki, «bu bina standartlara uyğun deyil», söküldü. Bəs vətəndaşların pulunu kim qaytaracaq. Bu məsələ nizama salınmalıdır. Konkret standartlar müəyyənləşməlidir».

Milli Məclisin aprelin 28-də keçirilən iclasında «Ümid» partiyasının sədri, millət vəkili İqbal Ağazadə belə deyib.

Onun fikirlərinə vitse-spiker Valeh Ələsgərov belə münasibət bildirib:

«Burada dəxli olmayan məsələdən danışılır. Nə vaxt «Şəhərsalmanın əsasları haqqında» yeni məcəllə müzakirəyə çıxarılarsa, o deputatlara vətəndaşları sevən deputat deyərəm ki, bununla bağlı yazılı şəkildə təkliflər versinlər. İndiki halda belə təkliflər deputatları hörmətdən salır».

Parlamentin sədr müavinin belə münasibəti qalmaqala səbəb olub:

İqbal Ağazadə: «Danışığına fikir ver. Sən kimsən mənə hörmətsiz deyirsən!»

Valeh Ələsgərov: «Buranı sirkə döndərmə».

İqbal Ağazadə: «Sirk ustası sənsən».

Valeh Ələsgərov: «Bu sözləri binadan kənarda deyərsən danışarıq».

İqbal Ağazadə: «Fərqi yoxdur, harada desən danışarıq».


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.