Dövlətlərin girovu olan jurnalistlər

Jurnalist Roksana Saberi Tehranda iş başında, 7 sentyabr 2003.

Fransada yerləşən «Sərhədsiz Reportyorlar» təşkilatı həbsdə olan üç xanım jurnalistin azad edilməsi üçün kompaniya aparır. Onlar İranda həbsdə saxlanan Roksana Saberi, Şimali Koreyada həbs olunan Euna Li və Laura Linqdir.

Xanım jurnalistlərin hər üçü amerikalıdır və ABŞ-da informasiya vasitələri ilə əməkdaşlıq edirlər.

Bu barədə mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günü təşkilatdan verilən məlumatda onlar «dövlətlərin girovu olan jurnalistlər» adlandırır.

«Sərhədsiz Reportyorlar»ın üzvlərindən dörd nəfəri Roksana Saberiyə dəstək üçün aprelin 28-dən aclıq aksiyası keçirir.

Bu yaxınlarda İranda Saberiyə səkkiz il azadlıqdan məhrumetmə cəzası verilib. Onu ABŞ-a casusluq etməkdə günahlandırırlar.

Roksana Saberi ittihamı rədd edir və aprelin 21-dən etiraz olaraq aclıq aksiyası keçirir. «Sərhədsiz Reportyorlar» hesab edir ki, jurnalistin həyatı təhlükədədir, onu aclığı dayandırmağa çağırıb və aksiyanı Saberinin adından davam etdirmək qərarına gəlib.

Jurnalistlərin azad olunması tələbilə mayın 3-də Kanada, ABŞ, Britaniya, Belçika və İspaniyada da etiraz aksiyaları keçirilib.

Kaliforniyada Current TV ilə əməkdaşlıq edən iki amerikalı jurnalisti – Euna Lini və Laura Linqi isə Şimali Koreyada martın 17-də həbs ediblər.

Aprelin 27-də keçirilən tədbirdə Fransanın İnsan Haqları Üzrə Dövlət Katibi Rama Yade də jurnalistlərin azadlığa buraxılması üçün öz köməyini təklif edib.

«Sərhədsiz Reportyorlar» İran və Şimali Koreya hakimiyyətlərinə müraciət edərək təcili şəkildə həbsdə olan xanım jurnalistlərin azad olunmasını tələb edir.

Təşkilat hesab edir ki, onların hər üçün peşəkar jurnalistlərdir, kəşfiyyat və ya hər hansı cinayətlə heç bir əlaqələri yoxdur.

«Sərhədsiz Reportyorlar» qeyd edir ki, həbsdə olan jurnalistlərlə əslində İran və Şimali Koreya hakimiyyətləri mətbuat azadlığını girov saxlayır.