Təşkilatın Mətbuat azadlığı günü ilə əlaqədar dünyada mətbuatın vəziyyəti haqqında illik hesabatında belə deyilir.
Azərbaycan haqqında bölmədə deyilir ki, prezident İlham Əliyev «çox az sayda olan» müstəqil mətbuatla «avtoritarizm və terror» metodları ilə davranır.
«Rejimin korrupsiya kimi qüsurları barədə danışa bilən jurnalistlər real təhlükə ilə üzləşir», deyə hesabatda qeyd edilib.
«Sərhədsiz reportyorlar» «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin təzyiqlərə məruz qalmasını xatırladır. Bildirilir ki, Azərbaycan hakimiyyəti onun müdafiəsi üçün heç nə etməyib.
Keçən il Naxçıvanda ailənin itməsi hadisəsini araşdıran bir qrup jurnalist də təzyiqə məruz qalıb. Jurnalistlərdən biri Naxçıvan MTN-ə çağırılıb və bir neçə saat sorğuya və hədələrə məruz qalıb.
Bundan başqa, Azərbaycan həbsxanalarında peşə fəaliyyətinə və hökuməti tənqid etdiyinə görə həbs edilmiş bir neçə jurnalist saxlanmaqdadır.
İlham Əliyevin 2008-ci ilin oktyabrında təkrarən prezident seçilməsindən dərhal sonra ölkə hakimiyyəti yerli tezliklərdə xarici radiostansiyaların - BBC, «Azadlıq» və «Amerikanın səsi»nin yayımını dayandırıb.
Bu fonda Konstitusiyaya İlham Əliyevə qeyri-məhdud sayda prezident seçilmək imkanı verən düzəlişlər edilib.