«Dini mövzuda olan məlumatlarda məzmun yanlışlığı» mövzusunda tədbir keçirilib

Mayın 7-də Azərbaycan Media Mərkəzində «Dini mövzuda olan məlumatlarda məzmun yanlışlığı» mövzusunda tədbir keçirilib. Tədbiri Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə «Jurnalist» qəzeti təşkil edib. Məqsəd bu sahədə problemləri mətbuat orqanlarında ictimai müzakirəyə çıxarmaq və həllinə yardım etməkdir. Qəzetin baş redaktoru Nəsiman Yaqublu deyib ki, belə tədbirlərin nəticəsi olaraq dini mövzuları jurnalistika fakültələrinə ixtisas fənni olaraq daxil etməyi düşünürlər:

«Təkliflər paketi hazırlanır, tezliklə Təhsil Nazirliyinə göndərəcəyik. Eyni zamanda dini mövzuda yazan jurnalistlərə tövsiyə xarakterli kitablar da hazırlayacağıq».

İlahiyyatçı İlqar İbrahimoğlu isə deyib ki, islam yönlü qəzetlərin satışdan çıxarılması və pulsuz paylanması, əslində, dini mətbuatın rəqabət gücünü zəiflədir:

«Əsas problemlərdən bir odur ki, dini mətbuatın toplumun böyük bir hissəsinə çıxışı yoxdur».