«Gül bayramı»nın keçirilməsinə etiraz edən gənclər həbs olunub. Mayın 9-da məhkəmə 4 müsavatçı barəsində 3, cəbhəçi Əbülfəz Qurbanlı barəsində isə 10 sutka həbs qərarı verib.
Daxili İşlər Nazirliyi açıqlama verməsə də, hüquq müdafiəçiləri məsələyə öz münasibətlərini bildiriblər.
Arzu Abdullayeva, hüquq müdafiəçisi
«Mən gəncləri dəstəkləyirəm. Bu onların haqqıdır. Bu həm vətəndaş kimi onların hüququ, həm də elə bil gənclərin manifestidir. Dövlət Neft Akademiyasında baş verənlərdən sonra gənclərin belə fəal olması məndə fərəh hissi doğurdu. Hamı deyirdi ki, Azərbaycan cəmiyyəti elə bil ölüb, azərbaycanlılar fəal deyillər, vətəndaş mövqeyi yoxdur və s. Amma gənclərin öz hüquqlarını qoruması, matəm günü elan olunmasını tələb etmələri düzgün mövqedir və mən onları dəstəkləyirəm. O ki qaldı iqtidara, o, bu məsələdə çox qeyri-humanist mövqe tutdu. Bizdə radikal gənclər təşkilatları yoxdur, gənclərimiz ağıllı, tərbiyəlidir. Gənclərlə görüşüb niyyətlərini öyrənmək, tələblərini dinləmək, normal, insani və demokratik yanaşma lazım idi.
Səidə Qocamanlı, hüquq müdafiəçisi
Ümumiyyətlə, düzgün deyil və qeyri-insanidir. Çünki bu gənclər hakimiyyətə qarşı, şəhərdəki əmin-amanlığı pozmağa qarşı heç bir addım atmayıblar. Onları biabırçı şəkildə naməlum bir maşına mindirib aparmaq, yaxud kimisə evinin kandarında maşına mindirib polis idarəsinə aparmaq insan hüquqlarına zidd bir hərəkətdir. Bayaqdan çalışırıq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaq, təəssüf ki, alınmır, onların rəhbərləri hansısa tədbirdədir. Biz bununla bağlı bəyanat verəcəyik. Artıq beynəlxalq təşkilatların bu məsələdən xəbəri var, bizə sorğular göndərirlər ki, bu nə məsələdir.
İlqar Məmmədov, politoloq
Biz, «Respublika Alternativ» İctimai Birliyi olaraq bu həbsləri kəskin pisləyirik. Hesab edirik ki, hakimiyyət gənclərin kütləvi etirazından qorxub bu cür yersiz, əsassız addımlar atır. Məqsəd gəncləri qorxutmaqdır. Məlum taktikadır, yeni bir şey deyil. Bütün kütləvi tədbirlərdən əvvəl hakimiyyət bu cür qorxutma taktikasından istifadə edir. Bu, ictimai fikrin ifadəsinə sivil münasibət deyil. Hər halda, həbs olunan gənclərin tezliklə azad olunması mümkündür. Çünki məqsəd mayın 10-na nəzərdə tutulan etiraz aksiyalarını qabaqlamaq, onlarda iştirakı minimuma endirməkdir.
Sahib Məmmədov, hüquq müdafiəçisi
Belə şeylər demokratik dövlətdə yolverilməzdir. İki gün sonra BMT-nin Baş Assambleyasında Azərbaycanın İnsan Hüquqları Şurasına yenidən seçilməsi məsələsinin müzakirəsi ərəfəsində bu, arzuolunmaz haldır. Dünyanın aparıcı beynəlxalq qeyri-hökumət təşkilatları və Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı BMT Baş Assambleyasına müraciət edib ki, Azərbaycan İnsan Hüquqları Şurasına qəbul olunmasın. Biz bunu arzulamırıq, amma hökumət də bu hərəkətləri ilə buna şərait yaradır. Hesab etmirəm ki, gənclər şəhərdə nə isə böyük təşkilatçılıq edib, «Gül bayramı»na mane ola bilsinlər. Ona görə də hansısa bir formada kimsə nəyəsə etiraz edirsə, ona şərait yaradılmalıdır. Çünki bizim Konstitusiya və qanunlar belə deyir. |