Güclü yağış və qasırğa təsərrüfatlara ziyan vurub

İyulun 3-ü və 4-də Azərbaycan ərazisində yağan güclü yağış və qasırğa Gəncə və Lənkəranda şəhər təsərrüfatına ziyan vurub.


Gəncədə bir neçə küçəni su basıb, Samuxdan gətirilən yanğınsöndürən maşınların köməyi ilə su həyətlərdən təmizlənib. İyulun 3-də sıradan çıxan elektrik xətləri iyulun 4-də bərpa edilib.


Lənkəranda yağan yağış daha güclü olub. Lənkəran Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, iyulun 4-də su basmış ərazilər təmizlənib, elektrik xətləri bərpa edilsə də, şəhərin bəzi hissələri indi də işıqsızdır.


Sabirabaddan verilən məlumata görə rayonun Muğangəncəli, Çiçəkli, Cəngən, Salmanlı kəndlərinə qasırğa ciddi ziyan vurub. Əli Bayramlı Sabirabad yolu boyunca yerləşən kəndlərin təsərrüfatları da ziyan çəkib.


Sinoptiklərin məlumatına görə, soyuq hava şəraiti ölkə ərazisində daha bir neçə gün davam edəcək.