Azərbaycan cəmiyyətində kifayət qədər tanınan, nüfuzlu şəxslərin qonağı olduğu «Tanınmışlar» verilişi bu dəfə Nizami Cəfərovdan bəhs edir. O, elmdəki nailiyyətlərinə görə, qısa vaxtda həmyaşıdlarının hamısını qabaqlayıb. 26 yaşında namizədlik dissertasiyasını müdafiə edib, bir neçə il «Ədəbiyyat» qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 32 yaşında elmlər doktoru olub, 35 yaşında isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı və professor idi. O, bütün bunlarla yanaşı Milli Elmlər Akademiyasının ən gənc müxbir üzvü, Azərbaycanın ən gənc əməkdar elm xadimidir. Hazırda 46 yaşı olan Nizami Cəfərov indi Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, Atatürk Mərkəzinin müdiridir. Ancaq elmi dərəcələrinə və tutduğu vəzifələrə baxmayaraq cəmiyyət üçün kifayət qədər açıq adamdır. İstənilən vaxt onu harasa dəvət etmək və ya xəbərdarlıq etmədən yanına getmək olar. Yetər ki, Azərbaycanda olsun, mütləq vaxt tapıb səninlə görüşəcək. Onun üçün ən müqəddəs yer orta məktəbdir. Ən ağıllı sözü müəllimlərdən eşitmək istəyir.
Atası, az qala bütün qohum-əqrəbası müəllim olduğundan sanki pedaqoji mühitdə boya-başa çatdığını bildirir. Atasını 10 yaşında itirməsinə baxmayaraq, xarakterinin formalaşmasında onun mühüm rol oynadığını deyir. Yeri gəlmişkən, atası da ədəbiyyat müəllimi olub.
«Bakı Dövlət Universitetinə qəbul imtahanı verənlər içərisində yeganə adam idim ki, yazıdan 5 almışdım. Çünki elə orta məktəbdən yazı-pozu ilə çox məşğul idim. Həm rayon, həm də respublika mətbuatında şerlərim, məqalələrim çap olunurdu».
Deyir ki, mən də həmişə ictimai mühitdə olmaq marağı olub. «Biri var elmlə məşğul olasan özünü həddindən artıq elm adamı hiss edəsən, heç vaxt kabinetdən çıxmayasan: bu mənim təbiətimə aid məsələ deyil».
«Nizami müəllim, siz BDU-nun filologiya fakültəsinə rəhbərlik etdiyiniz dövrdə deyirdilər ki, dekan heç tələbədən seçilmir?»
«BDU elm-təhsil müəssisəsidir. Orada hər şey tələbə üçün açıq olmalıdır. Hərçənd ki, tələbələrdən çox da yaşlı deyildim ona görə bizim ünsiyyətimiz alınırdı və mənim özümü gizlətməyimə də ehtiyac yox idi».
Universitet təhsilini yüksək göstəricilərlə başa vurmasına baxmayaraq, təyinatını rayonlardan birinə 8 illik kənd məktəbinə müəllim verdilər. «Həmin məktəbdə dərs keçilmirdi. Rayon təhsil şöbəsində və həmin məktəbdə elə bir qaba, bisavad mühit gördüm ki, başımı götürüb qaçmaqdan başqa bir çarəm qalmadı. Qərar gəldim ki, mütləq aspiranturada təhsilimi davam etdirməliyəm».
Alim adını aldıqdan sonra isə, onu heç universitetdə laborant işinə də götürmürlər. Bir müddət akademiyada çalışır, daha sonra «Ədəbiyyat» qəzetinin ədəbi tənqid şöbəsinə müdir təyin edilir. «Ədəbiyyat» qəzetində işləməyim məni yaradıcı işlə daha intensiv məşğul olmağa sövq etdi. İctimai elmlər sahəsində ən gənc doktorluq dissertasiyası müdafiə edənlərdən oldum. Sonra da filologiya fakültəsinə dekan seçildim. Təxminən 7 il o vəzifədə işlədim. Həmin illər mənim yaradıcılığımın ən gözəl anları idi. Həmin vaxt təxminən 10-dan çox kitabım çap olundu».
Mərhum prezident Heydər Əliyevlə bir neçə dəfə görüşdüyünü, onun tərəfindən ünvanına xoş sözlər deyildiyini bildirir. «Məni Atatürk Mərkəzinə müdir təyin edəndə dedi ki, bax sənin bu titulların, bu vəzifələrin var, birin də indi veririk. Bu səndə başgicəllənmə yaratmayacaq ki? Sonra soruşdu ki, indi neçə yaşın var - dedim 40. Dedi onda yox başgicəllənmə yaratmaz. Mən də bu hörmətin qarşılığında bildirdim ki, cənab prezident bu vəzifələrin hamısını onsuzda mənə siz vermisiniz».
Nizami Cəfərov deyir ki, onun üçün ən müqəddəs yer orta məktəbdir. «Ən ağıllı, ən inandığım sözü müəllimlərdən eşitmək istəyirəm. Ürəyimdə haradasa bir nisgil qalıb ki, kaş iki-üç il orta məktəbdə müəllim işləyəydim. Mənim üçün qəbulolunmaz cəhətdir ki, bizim orta məktəblərimizdə daha çox qadınlar dərs deyirlər. Ona görə də oğlanlarımız da bəzən qadın xarakteri götürürlər».
Parlamentin ötən çağırış Mədəniyyət komissiyasında ən mühüm fəaliyyəti kimi «Azərbaycan dövlət dili haqqında» qanunun qəbul edilməsini göstərir. «Təsəvvür edin ki, «Azərbaycan dili türk dillərindən biridir» və ya «türk dillərindən biri olan Azərbaycan dili» ifadəsinə məclisin yarıdan çoxu etiraz etdi. Deyirdilər ki, «türk» sözü nəyə lazımdır? Mən onda dərk etdim ki, Azərbaycan xalqının gələcəyi və inkişafı üçün xalqın özü ilə mübarizə aparmaq lazımdır. Hələ kənar mübarizələrə toxunmuram...»
«…Azərbaycan yazıçılarının qurultayı ərəfəsində Anar müəllim mənə dedi ki, Yazıçılar Birliyinin yaranmasının 70 illiyi münasibətilə bizim bəzi yazıçılarımızı fəxri adlara təqdim edirik, məsləhət bilirik ki, sənə də bir ad verək. Sonra gülümsünüb dedi ki, almadığın bir ad filan qalıbdı səni ona təqdim edək. Dedim Anar müəllim mənim bir adda xüsusi marağım var, özü də istəyirəm ki, o adı Zəlimxan Yaqubdan qabaq mən alım. Soruşdu nə addı, dedim xalq şairi...»
Nizami Cəfərov hesab edir ki, fəxri adları gərək gəncliyində alasan ki, onun kultu ölə: «Mənim yazığım gəlir 60 yaşında, 70 yaşında «xalq şairi», «xalq yazıçısı», «əməkdar elm xadimi» adı uğrunda mübarizə aparan adamlara. Mən indi hiss edirəm ki, bu fəxri adlar, titullar, ordenlər, medallar lap sonda gələn şeylərdir. Sənin şəxsiyyətindən, cəmiyyətin verdiyi qiymətdən çox-çox sonra… Halbuki bu titullar bizim adlarımızı bəzəyir. Nəticə etibarı ilə biz dünyadan gedirik, yalnız titullar qalır, başqa heç nə qalmır».
«Nizami müəllim, tutduğunuz vəzifələrin məsuliyyəti, problemlər deyəsən zahiri görkəminizə elə də təsir etməyib?»
«Biz kənd uşağı olmuşuq, ayağımız yer tutandan fiziki işdə çalışmışıq. Mən universitetdə oxuyurdum. Kəndə gedəndə qardaşım əsgərlikdə, ya da uzun illər şəhərdə olduğundan təsərrüfat işləri ilə məşğul olmağa məcbur idim. Məsələn, qoyun növbətinə gedirdim. Təbi ki, bacılarım bu işlə məşğul olası deyildi. Elmlər namizədi oldum, amma yenə kənddə qoyun növbətinə mən gedirdim. Elmlər doktoru oldum, yenə qoyun növbətinə mən gedirdim. Bu mənim xoşuma gəlirdi. Amma kənddə bu bir az qeyri adi qarşılanırdı. Deyirdilər ki, bu kitab yazır, televizorda danışır, burda da gəlib camaatın qoynun otarır. Lap axırıncı dəfə professor olanda gəldim kəndə gördüm yenə qoyun növbəsidir. Getdim növbətə, sonra nə qədər qoyunumuz var idi hamısını göndərdim bazarda satdırdım, dedim tay mən professoram, qoyun növbətinə getməyəcəm».
«Nizami müəllim qalstuk taxmırsınız. Bu sizi həmkarlarınızdan, digər millət vəkillərindən fərqləndirən maraqlı əlamətdir…»
«Mən adət eləməmişəm. Yəni burada heç vaxt xüsusi bir məqsəd olmayıb. Mən onlarla kitablar yazmışam: indi necə təsəvvür edə bilərsiniz ki, yayın istisində oturub yazı yazırsan qalstukla… Amma mən də çox istərdim ki, qalstuk taxmağı normaya çevirəm. Buna görə məni dəfələrlə töhmətləndiriblər də… Mən yalnız Azərbaycan prezidentləri məni qəbul edəndə qalstuk taxmışam. Onu da görünür o qədər səliqəli taxa bilməmişəm. Amma hər halda taxmışam. Hətta bir dəfə Türkiyə mətbuatı yazdı ki, Türkiyənin prezidenti, baş naziri Azərbaycan nümayəndə heyətini qəbul edəndə bir nəfərin qalstuku yox idi. O, görəsən hansısa bir təriqəti təmsil eləmir ki?.. Mənim qalstuka marağımın olmamasının heç bir ideoloji məzmunu yoxdur, sadəcə belə alınıb...»
DİNLƏYİN!