Xəzərin hüquqi statusu üzrə xüsusi işçi qrupun iclası başa çatıb

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın müzakirəsi məqsədilə xüsusi işçi qrupun Bakıda keçirilən 28-ci iclası yekunlaşıb.

İclasdan sonra Xəzəryanı ölkələrin təmsilçiləri mətbuat konfransı keçiriblər. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov müzakirələrdə irəliləyişin olduğunu bildirib:

«Böyük işlər görülüb. Bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılıb. Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur. Razılaşdırılmayan məsələlər sırasında Xəzərin su səthinin istifadəsi, milli zonalar arasında fərq, hər bir dövlətin dənizdəki hüququ, gəmiçilik və hərbi fəaliyyət kimi məqamlar var».

İşçi qrupun növbəti iclası və Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçiriləcək.