Nemətullah Kişvəri. Vəh ki, bir namehriban dildarı sevdim aqibət

Vəh ki, bir namehriban dildarı sevdim aqibət,
Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.

Xublar çox gördüm, əmma Tanrının təqdiridən,
Rəhmsiz bir kafiri-xunxarı sevdim aqibət.

Bu cahan bağında köp xari-cəfa çəkdim, vəli
Bir xuraman sərvü gülrüxsarı sevdim aqibət.

Bir pərinin saçı sevdası düşübdür başıma,
Tərk edib təsbihivü, zünnarı sevdim aqibət.

Həsrətindən oda yanduğı içün qul Kişvəri,
Ol səbəbdən çün səməndər narı sevdim aqibət.