ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvləri prezident və Xarici İşlər naziri ilə görüşüb

ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvləri prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. Bunu «Azadlıq» radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib:

«Şura üzvləri Azərbaycanda dini və regional mövzular üzrə bir növ araşdırma təşkil ediblər. Məqsəd Azərbaycanla digər ölkələr arasında əlaqələri təhlil etməkdir».

ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərinin Azərbaycana səfəri mayın 11-i başlayıb, bu səhər onlar Bakını tərk ediblər.

AzərTAc-ın məlumatına görə, ABŞ nümayəndə heyəti ilə prezidentin görüşündə Azərbaycanda gedən inkişaf prosesləri, ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Görüşdə İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, regionda gedən proseslər və digər məsələlərlə bağlı qonaqları maraqlandıran suallara cavab verib.